
Bu günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində maraqlı proses baş tutub.
Gununsesi.info-nun əldə etdiyi məlumata görə, dələduzluqda və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmədə ittiham edilən 1974-cü il təvəllüdlü Samir Yusif oğlu Əliyev barəsində bəzi diqqətçəkən faktlar üzə çıxıb.
Araşdırmalar zamanı məlum olub ki, Samir Əliyev müxtəlif şəxslərə özünü məhkəmə-hüquq sistemində tanışları olan biri kimi tanıdıb. Heç bir yerdə rəsmi işləməyən şəxs özünü Prezidentin köməkçisi Andrey Spilin və ədliyyə nazirinin müavini Eldar Nuriyev kimi təqdim edərək bir neçə yüksəkvəzifəli şəxsə zəng edib. O, həmin məmurlardan müxtəlif xahişlər və tələblər edib.
Samir Əliyev digər zənglərində Hafka adı ilə tanınan iş adamı Hafiz Məmmədovun cinayət işi üzrə 800.000 manat məbləğində vergi borcunun ödənilməsindən ötrü ona möhlət verilməsini istəyib.
Həmçinin S.Əliyev 5 may 2022-ci il tarixdə Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyevə zəng edərək universitetin məktəbəqədər təhsil şöbəsinin dördüncü kurs tələbəsi S.M-ə müəllim kimi əlavə dərs saatının verilməsini istəyib. 6 may 2022-ci il tarixdə isə S.Əliyev “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənova zəng edərək tanışı A.M-in ASC-də məsul vəzifəyə təyin edilməsini tələb edib. Bundan savayı, Samir Əliyev 1 aprel 2022-ci il tarixdə “Teleradio” İstehsalat Birliyinin baş direktoruna zəng edərək həmin qurumda aparıcı mütəxəssis vəzifəsində işləmiş 1 nəfərin əvvəlki vəzifəsinə qaytarılmasını xahiş edib. O eyni zamanda 6 may 2022-ci il tarixdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin sabiq birinci müavininə zəng edərək nazirlik tərəfindən elan ediləcək tenderlərlə bağlı məlumat verilməsini istəyib.
Samir Əliyev həmçinin həbsdə olan Rəşad adlı şəxsin azadlığa buraxılmasına kömək etməsi vədi ilə onun yaxınından 21 500 manat alaraq dələduzluq edib.
Gununsesi.info