
Rusiya və Ukrayna müvəqqəti atəşkəs əldə etdi: humanitar dəhliz açılacaq, ərzaq və dərmanların çatdırılmasına şərait yaradılacaq.
Tərəflər üçüncü raundun qısa müddətdə keçirilməsini də razılaşdırıblar, çünki hər iki tərəfin buna ehtiyacı var. Razılaşmaya əməl edilsə:
– Ukrayna zirzəmilərdə, eləcə də atəş altında qalan vətəndaşlarının evakuasiyasına nail olacaq, ərzaq və dərman böhranı müəyyən qədər həll ediləcək və əlavə silahlar əldə etmək ehtimalı üçün zaman qazanacaq;
– Rusiya ordunu yenidən toparlaya, gücləndirə, dağılmış koordinasiyanı bərpa edəcək.
Lakin bu, müharibənin başa çatması demək deyil. Putin Makronla telefon söhbətində maksimal hədəflərinə – Ukraynanın ələ keçirilməsi – nail olana qədər dayanmayacaqlarını deyib. Yelisey sarayının rəsmi məlumatında “Prezident Makron həmkarı Putinin dediklərini nəzərə alaraq, ən pis vəziyyətin hələ qarşıda olduğu qənaətinə gəlib” deyilir.
Zelenskinin keçirdiyi mətbuat konfransında açıqlamaları da bundan xəbər verir.
“Dünya Ukraynaya dəstək məsələsində gec qaldı”. Zelenskinin çıxışının ümumi məğzi budur. Və məlum olur ki:
– Kiyevin ən çox ehtiyacı olduğu iki məsələdə heç bir irəliləyiş yoxdur: ya hava məkanı uçuşa qadağan olunmalı, ya da döyüş təyyarələri verilməlidir;
– Rusiya Ukrayna şəhərlərini bombalayarkən, Qərbdə dəstəklə bağlı aparılan müzakirələr zaman alır.
Zelenskinin açıqlamalarını dəstək məsələsində Qərb cəbhəsini birləşdirməyə hesablanmış kimi də hesab etmək olar, lakin hadisələrin inkişafı, Putinin geri çəkilməməsi və artan aqressiyası Ukrayna üçün vəziyyətin ürəkaçan olmadığını da göstərir. Zelenski lider olaraq çətin vəziyyətdədir: çünki onun qələbəsindən pay götürənlər çox olacaq, amma məğlubiyyətinə heç kim şərik olmayacaq.
Ukrayna prezidentinin açıqlamaları Putinin də önünü açır. Müvəqqət atəşkəs razılaşması Rusiya ordusuna yenidən özünə gəlmək imkanı verəcək və Moskva köməksiz görünən Ukraynaya daha aqressiv hücumlar təşkil edəcək.
Gununsesi.info