
Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə ittiham olunan Yunis Səfərov və daha 11 nəfərin işi üzrə bir ildir davam edən məhkəmə prosesi yekunlaşır. Gununsesi.info xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyev bu iş üzrə məhkəmə istintaqının yekunlaşdığını və çıxışlar mərhələsinin başlandığını elan edib.
Daha sonra çıxış edən prokuror bildirib ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş terrorçuluq, qəsdən adam öldürməyə cəhd, dövlət çevrilişi, qanunsuz silah saxlama və s. ittihamlar məhkəmə istintaqı zamanı sübuta yetirilib. O, təqsirləndirilən şəxslərdən Yunis Səfərovun ömürlük azadlıqdan məhrum olunmasını təklif edib. Digər təqsirləndirilən şəxslərdən Mahir Əzizov, Rasim Mustafayev və Akif Əliyevə 20, Firudin Zeynalov, Vüqar Məmmədov və Hamlet Abdullayev və Ceyhun Salahova 19, Cəfər Zalov və Ceyhun Qurbanova isə 18 il azadlıqdan məhrumetmə cəzası verilməsini istəyib.
Bu iş üzrə təqsirləndirilən şəxslərin sayı 12 nəfər olsa da, onlardan ikisi – Anar Bağırov və Ağa Sərxani həyatda yoxdur. Onların hər ikisi 2018-ci ilin iyulunda saxlanılarkən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qətlə yetirilib.
Prokuror onların da təqsirli bilinməsini, lakin öldüklərinə görə cəza təyin edilməməsini istəyib.
Adları çəkilən hər iki təqsirləndirilən şəxsin hüquqi varisi məhkəmədə iştirak edir, onlara bəraət verilməsini tələb edirlər. Məhkəmə prosesi aprelin 13-də vəkillərin müdafiə çıxışı ilə davam edəcək.
Gununsesi.info