
Yeni Zelandiya gələn ildən etibarən gələcək nəsillər üçün siqareti qadağan edəcək qanun qəbul edib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, parlamentin qəbul etdiyi yeni qanunla 2008-ci ildən sonra doğulan hər kəs tütün və tütün məmulatı ala bilməyəcək.
Bu o demək olacaq ki, illər keçdikcə siqaret ala bilənlərin sayı getdikcə azalacaq. Məsələn, 2050-ci ilə qədər 40 yaşlı vətəndaşların siqaret almağa yaşı çatmayacaq. Qanunu ictimaiyyətə elan edən səhiyyə naziri Ayesha Verrall bu təcrübənin “tütündən azad gələcəyə doğru bir addım” olduğunu söyləyib: “Minlərlə insan daha uzun, daha sağlam yaşayacaq. Səhiyyə sistemimiz siqaretin yaratdığı xəstəlikləri müalicə etmək məcburiyyətində qalmayacaq və 3,2 milyard dollara qənaət edəcək”.
Hökumətin noyabr ayında açıqladığı son məlumatlara görə, ölkədə böyüklər arasında siqaret çəkmə nisbəti kifayət qədər aşağıdır.
Ötən ilin eyni dövründə 9,4 faiz olan vətəndaşların siqaret çəkmə nisbəti bu il 8 faizə düşüb. “Siqaretsiz Kosmos Aktı” bu nisbəti 2025-ci ilə qədər 5 faizə endirməyi hədəfləyir. Qanunla ölkə daxilində tütün satan mağazaların sayı 6 mindən 600-ə enəcək. Digər məqsəd, asılılığı azaltmaq üçün məhsulların tərkibindəki nikotin miqdarını daha da azaltmaqdır. Siqaret istehlakı ölkədəki yerli Maori xalqı arasında daha çox yayılmışdır. Ötən il 22,3 faiz olan göstərici bu il 19,9 faizə düşsə də, yenə də ümumi orta göstəricidən yüksəkdir. Dr. Verrall bildirib ki, qanunla Maori xalqının ölkədəki ömür uzunluğu ilə digər xalqlar arasındakı uçurum aradan qaldırıla bilər. Maorilər Yeni Zelandiyanın materik hissəsində yaşayan yerli Polineziya xalqıdır. Yeni qanun gənclərin tütündən daha çox sevdiyi elektron siqaretləri qadağan etmir.
Tərcümə:
Afət Abbasova
Gununsesi.info