“Yeddi dəqiqədə üç qol buraxmaq bizə yaraşmır”- Rahid Əmirquliyev

“Yeddi dəqiqədə üç qol buraxmaq bizə yaraşmır”

“Bilirdik ki, bizi çətin oyun gözləyir. “Sabah”a da, bizə də xal lazım idi. Amma evdə oynadığımız üçün üstünlük bizdə idi. Deməzdim ki, pis oynadıq. Xüsusən, ikinci hissəni yaxşı keçirdik. Hətta qol vurub, hesabda önə də keçdik. Təəssüf ki, hesabı sona qədər saxlaya bilmədik”.

Gununsesi.org-un məlumatına görə, bu sözləri “Səbail”in kapitanı Rahid Əmirquliyev Azərbaycan Premyer Liqasının XII turunda “Sabah”a məğlub olduqları (1:3) oyundan sonra deyib.

30 yaşlı orta sahə oyunçusu son dəqiqələrdə qollar buraxmalarını diqqətsizliklə əlaqələndirib: “Sona 7 dəqiqə qalmış 3 qol buraxdıq. Bilmirəm bu, diqqətsizlikdən, yoxsa ilk qoldan sonra oyunçu yoldaşlarımın ikincini vurmaq istəyindən yarandı. Rəqib bizi əks-hücumda yaxaladı. Futbolda belə hallar tez-tez olur. Amma nəticə çıxarmaq lazımdır.

7 dəqiqədə 3 qol buraxmaq bizə yaraşmır. Düzdür, qolları meydanda 10 nəfərlə qaldıqdan sonra buraxdıq. Məğlubiyyətə səbəb qırmızı vərəqə yox, diqqətsizlik oldu. Düşünmürəm ki, yorğunluq var idi”.

O, qeyd edib ki, oyuna həmişəki kimi hazırlaşıblar: “Bəlkə də, meydanda çox qaçmağımızın rolu oldu. Ancaq 90 dəqiqə mübarizə aparmağa gücümüz çatırdı.

“Sabah”ın bizdən güclü oynadığını deməzdim. Çünki başqa qol imkanlarımız da oldu, yararlana bilmədik. Məncə, bu gün “Sabah”dan yaxşı oynadıq. Xüsusən ikinci hissədə. Amma yaxşı oyuna görə xal vermirlər”.

Əmirquliyev əsas hücumçuları Ağabala Ramazanov və Mirabdulla Abbasovun yoxluğunun oyunlarına mənfi təsir göstərdiyini söyləyib: “Ağabala və Mirabdulla bizim aparıcı hücumçularımızdır. Onların yoxluğu, bəlkə də, haradasa hiss olundu. Amma deməzdim ki, onları əvəz edənlər pis çıxış etdilər”.

Yarımmüdafiəçi “Səbail”in 8 tur qələbə qazana bilməməsinə də münasibət bildirib: “Komandada vəziyyət mövsümün əvvəlində necə idisə, indi də bu cür davam edir. Yaxşı keçirdiyimiz oyunlar da oldu, sadəcə, qələbə qazana bilmirdik. Məncə, bir qalibiyyətlə “qara zolaq”dan çıxa bilərik. Özünəinamın qayıtması üçün bir qələbə çatmır. Ardıcıl məğlubiyyətlər istər-istəməz əhvalı korlayır”.

Azərbaycan millisinin sabiq üzvü sonda karyerasını mövsümün sonunda bitirmək fikrində olmadığını deyib: “Gücüm qalsa, davam edəcəyəm. Hələ ki, özümdə bu gücü hiss edirəm”.

 

Gununsesi.org

COMMENTS