Yasamalda polisin döydüyü gənci müdafiə edən vəkilə xəbərdarlıq edildi- CAVAD CAVADOV KOLLEGİYAYA ÇAĞRILDI

Yasamalda polisin döydüyü gənci müdafiə edən vəkilə xəbərdarlıq edildi

 

Vəkil Cavad Cavadov Bakının Yasamal rayounda baş verən hadisə zamanı həbs edilən şəxsin işgəncələrə məruz qalması ilə bağlı fikirlərini jurnalistlərə çatdırmasına kömək etdikdən sonra Vəkillər Kollegiyasının Rəyasət Heyətinə dəvət olunaraq xəbərdarlıq edilib.

Gununsesi.org-un xəbərinə görə, Vəkillər Kollegiyasının məlumatında deyilir ki, vəkilin kollegiyaya dəvət edilməsinə səbəb iyunun 7-də Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən yaşayış massivinin ərazisində baş vermiş hadisələrlə bağlı saxlanılmış Kərim Süleymanlı haqqında məlumatların yayılması olub.

“Kərim Süleymanlı adlı şəxs İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən saxlanılıb və o, sonradan azad edilib. Vəkil Cavad Cavadov müqavilə əsasında vətəndaş Süleymanlıya hüquqi yardım göstərir. İyunun 9-da vəkil Cavad Cavadov sanki bir jurnalist kimi Süleymanlıdan müsahibə götürüb, aldığı məlumatları sosial şəbəkələrdə yayıb və məsələyə geniş ictimaiyyət tərəfindən yanlış fikir formalaşdırılmasına rəvac verib”, kollegiyanın məlumatında qeyd edilir.

Qurumun Reyəsət Heyəti hesab edir ki, bununla vəkil Cavadovun hərəkətləri ”Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun və “Vəkillərin Davranış Qaydaları haqqında” Əsasnamənin tələbləri ilə ziddiyyət təşkil edib.

“Qeyd edilənlərlə əlaqədar vəkil Cavad Cavadov Vəkillər Kollegiyasının Rəyasət Heyətinə dəvət olunaraq, onunla müvafiq söhbət aparılıb. Cavadova xəbərdarlıq edilərək tapşırıllb ki, vəkillik fəaliyyətini həyata keçirərkən qanunvericiliklə nəzərdə tutulmuş üsullardan istifadə etsin və ona bildirilib ki, gələcəkdə belə hərəkətlər davam etdirilərsə, daha ciddi tədbirlər görüləcək”.

Cavad Cavadov Amerikanın Səsinə məlumatı təsdiqləyib və Vəkillər Kollegiyasının qərarını şərh etməyəcəyini bildirib.

“Qeyd etmək istəyirəm ki mən kollegiyanın rəsmi məlumatını şərh eləməyəcəm və öz aramızda olan söhbətin məzmununu açıqlamayacam. Kollegiyanın rəhbərliyi ilə normal qarşılıqlı hörmətə əsaslanan münasibətimiz var. Bununla belə vəkillik fəaliyyətimi, o cümlədən Süleymanovlar ailəsinin müdafiəsini qanunvericiliyə əsasən davam etdirəcəyəm,” deyə o qeyd edib.

Gununsesi.org

COMMENTS