ÜST-dən ÇAĞIRIŞ: Xəstəliyin yayılma riski artır

Səhiyyə müəssisələrinin, su təchizatı və kanalizasiya sistemlərinin pozulması fonunda Qəzza zolağında xəstəliyin yayılma riski artır.

Gununsesi.info xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Təşkilat qeyd edib ki, İsrailin Qəzza zolağına hücumlarının intensivləşməsi nəticəsində ölən və yaralananların sayı da artıb ki, bu da bütövlükdə zolağın sakinləri üçün təhlükə yaradır.

“Səhiyyə müəssisələrinin, su təchizatı və kanalizasiya sistemlərinin zədələndiyi Qəzza zolağında xəstəliyin yayılma riski artır. Bu həyəcanverici tendensiyalar artıq yaranmaqdadır”, – ÜST-ün məlumatında deyilir.

ÜST yanacağın çatışmazlığının duzsuzlaşdırma qurğularının bağlanmasına səbəb olduğunu və bunun da sakinlərin çirkli sudan istifadə etməsinə səbəb olduğunu vurğulayıb. “Bu, öz növbəsində, ishal kimi bakterial infeksiyaların yayılması riskini əhəmiyyətli dərəcədə artırıb”.

“Oktyabrın ortalarından indiyədək 33 551-dən çox ishal halı qeydə alınıb. Onların yarıdan çoxu 5 yaşa qədər uşaqlarda müşahidə olunub. Bu, 2021 və 2022-ci illər ərzində 5 yaşa qədər uşaqlarda orta aylıq 2 min hadisə ilə müqayisədə əhəmiyyətli artımdır. 8944 nəfərdə qaşınma və bit, 1005 nəfər suçiçəyi, 12635 nəfər dəri səpgisi, 54866 nəfər yuxarı tənəffüs yollarının infeksiyası olub”, – deyə ÜST qeyd edib.

Bəyanatda deyilir ki, Qəzza zolağında planlaşdırılmış peyvənd tədbirlərinin dayandırılması və yoluxucu xəstəliklərin müalicəsi üçün dərmanların çatışmazlığı xəstəliklərin sürətlə yayılması riskini daha da artırır.

ÜST bütün girovları qeyd-şərtsiz azad etməyə və gələcək ölüm və iztirabların qarşısını almaq üçün humanitar atəşkəsə çağırıb.

Gununsesi.info