Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Beynəlxalq münasibətlər və diplomatiya” istiqaməti üzrə magistratura ixtisasının açılması ilə bağlı məsələyə aydınlıq gətirilib.
Gununsesi.info-nun sorğusuna cavab olaraq UNEC Magistratura Məktəbinin direktoru, PhD, dosent Söhrab İsayev bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə təsdiq etdiyi “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların Təsnifatı”na əsasən “Beynəlxalq münasibətlər” ixtisası üzrə bir sıra ixtisaslaşmalar müəyyənləşdirilib.
Həmin ixtisaslaşmalar sırasında “Beynəlxalq münasibətlər və diplomatiya”, “Müasir dövrdə Yaxın və Orta Şərq dövlətlərinin xarici siyasəti”, “Qlobal siyasət”, “Diplomatik danışıqlar”, “Beynəlxalq münasibətlər tarixi və nəzəriyyəsi”, “Beynəlxalq təhlükəsizlik”, “Müasir dövrdə Uzaq Şərq dövlətlərinin xarici siyasəti”, “Türk dövlətlərinin xarici siyasəti və inteqrasiya prosesləri” və “Geosiyasət” yer alır.
UNEC-in açıqlamasında qeyd olunub ki, bu ixtisaslaşmalar daha çox politoloji istiqamət daşıyır.
Bildirilib ki, UNEC-də magistratura səviyyəsində yeni ixtisas və ixtisaslaşmaların açılması ilə bağlı məsələyə baxılması üçün akademik heyət və iş dünyasının nümayəndələrindən ibarət xüsusi İşçi Qrupu yaradılıb.
İşçi Qrupu tərəfindən hazırlanan təkliflər arasında “Beynəlxalq münasibətlər” ixtisası üzrə “Türk dövlətlərinin xarici siyasəti və inteqrasiya prosesləri” ixtisaslaşmasının UNEC-də açılması da yer alıb.
Lakin UNEC Elmi Şurasında məsələyə baxılarkən bu ixtisaslaşmanın da digər “Beynəlxalq münasibətlər” ixtisaslaşmaları kimi daha çox politoloji yönümlü olduğu qənaətinə gəlinib və onun UNEC-də açılması məqsədəuyğun hesab edilməyib.
Beləliklə, hazırda UNEC-də “Beynəlxalq münasibətlər” ixtisası üzrə magistratura proqramının açılması nəzərdə tutulmur.
UNEC-dən bildirilib ki, digər ali təhsil müəssisələrinin bakalavr məzunlarının UNEC-də magistratura təhsili ala bilməsi kimi, 2027-ci ildən etibarən “Beynəlxalq münasibətlər” ixtisası üzrə UNEC-dən məzun olacaq bakalavrlar da magistratura təhsillərini ölkənin digər ali təhsil müəssisələrində davam etdirə biləcəklər.
Vüsal Artyom











