“Xarici İşlər Nazirliyində aparılan əməliyyat onu göstərdi ki, qeyri-maddi sferada dövlət büdcəsinin oğurlanması tendensiyası daha yüksək səviyyədədir. İslahatları aparmaq üçün mütləq cəmiyyət üçün təhlükə mənbəyi yaradan korrupsiya minasından sahələri təmizləmək vacibdir”.
Gununsesi.org xəbər verir ki, Deputat, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa bu fikirləri Musavat.com-a XİN ətrafında durumu şərh edərkən söylədi.
Millət vəkilinin sözlərinə görə, əslində islahatların yolunu kəsən maneələrin qaradan qaldırılması istiqamətində işlər görülür: “Lakin korrupsionerləri əvəz edən kadrların doğru seçilməsi daha önəmli məsələdir. Yalnız gənclik meyarı, yaxud da təmizlik meyarı məsələnin həlli deyil, qabiliyyət çox önəmlidir. Təyin olunan həm əvvəlki, həm də yeni icra başçılarının cəmiyyətdə insanlarla səviyyəli münasibət qurma qabiliyyəti çox önəmlidir. Nazirlərin də bu xüsusiyyətə malik olması vacibdir. Öz sahəsinə hakim olmayanların ortaya qoyacaqları nəticə bu gün COVİD-19-la mübarizədə ortaya çıxan natamamlıqlarda özünü qabarıq büruzə verdi”.
F.Mustafa əlavə etdi ki, xarici siyasət idarəsinin çevikliyi ölkənin taleyi üçün vacib amildir: “Hər bir halda bu istiqamətdə təcili tədbirlər görülməlidir ki, itirilmiş mövqeləri yenidən və tezliklə bərpa etmək mümkün olsun”. Maraqlıdır, millət vəkili necə hesab edir, ölkədə iqtidarlı, müxalifətli, cəmiyyətli aparılan islahatlarla bağlı Prezidentə dəstək olurmu? Bu faktdır ki, parlament müzalifətindən dəstək var. Amma hətta iqtidarın içərisindən əks meyllər ortaya çıxır bəzən. Müxalifətin digər qanadı isə ancaq tənqidə üstünlük verir. Bəs, ümumi mənzərə nə deyir? F.Mustafa hesab edir ki, siyasi mövqelərin fəqrliliyi bu cür mürəkkəb situasiya yaradıb: “Pandemiya dövrü açıq müzakirələrin aparılmasına imkan vermir. Mən düşünürəm ki, ölkə prezidenti müxalifətlə bağlı daha açıq və dialoqu genişləndirəcək bir siyasət izləmək niyyətini ortaya qoyub. Sadəcə əksər siyasi proseslər dondurulmuş vəziyyətdədir, geniş görüşlər təşkil etmək imkansızdır, bu səbəbdən də yeni açılımı ortaya qoymaq çətinlik yaradır. Ümid edirəm ki, pandemiyadan sonra çox siyasi münasibətlərin sağlamlaşması baxımından çox fərqli Azərbaycan görəcəyik”.
Gununsesi.org
COMMENTS