Türkiyəyə tək şəxsiyyət vəsiqəsi ilə getməyin şərtləri –  Açıqlandı

  • By turana
  • 10 Dekabr 2020 21:13

Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycan və Türkiyə vətəndaşları bundan sonra viza sənədi və xarici pasport olmadan hər iki ölkəyə səyahət edə bilməsi ilə bağlı məlumat yayıb.

XİN-dən “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, bu gün 10 dekabr 2020-ci il tarixində, Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azadetmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol imzalanıb. Protokol hər iki ölkənin xarici işlər nazirləri tərəfindən imzalanıb.

Məlum olduğu kimi, bu ilin 25 fevralında imzalanmış Sazişə əsasən iki ölkənin ümumvətəndaş pasportlarına malik vətəndaşları vizasız səfər edə və ölkə ərazisində 90 gün vizasız qala bilərdi. Sazişə əlavə olaraq imzalanmış Protokol qüvvəyə mindikdən sonra iki ölkə vətəndaşları artıq şəxsiyyət vəsiqəsi və digər sərhədkeçmə sənədləri ilə vizasız səfər edə və 90 gün vizasız qala biləcəklər.