
Türkiyədə Akkuyu Atom Elektrik Stansiyasının (AES) ilk enerji blokunun işə salınması 2025-ci ilə planlaşdırılır.
Gununsesi.info xəbər verir ki, bunu Türkiyənin Energetika Nazirliyinin rəhbəri Alparslan Bayraktar deyib.
“Akkuyu AES-in ilk enerji blokunun 2025-ci ildə, dördünün də 2028-ci ilə qədər istismara verilməsi planlaşdırılır. Atom elektrik stansiyası tam işə düşdükdən sonra Türkiyənin elektrik enerjisinə olan tələbatının 10%-ni ödəyə biləcək”, – deyə Alparslan Bayraktar bildirib.
O, stansiyanın fəaliyyəti sayəsində Türkiyənin atmosferə atılan karbon qazını ildə 30 milyon ton azalda biləcəyini və bunun iqlim dəyişikliyi ilə mübarizədə mühüm addım olacağını vurğulayıb.
Akkuyu AES Türkiyənin Rosatom dövlət korporasiyası tərəfindən tikilən ilk atom elektrik stansiyasıdır. Söhbət Rusiya istehsalı olan VVER III+ nəsil reaktorları olan dörd enerji blokundan gedir. Hər bir enerji blokunun gücü 1200 MVt olacaq.
Bundan əvvəl Türkiyə Energetika Nazirliyinin Nüvə Enerjisi və Beynəlxalq Layihələr Departamentinin rəhbəri Yusuf Ceylan vurğulamışdı ki, Ankara bir il ərzində Akkuyu AES-də elektrik enerjisi istehsalına başlamağa hazırlaşır.