Turistik şəhərə səyahətdə “gündəlik 5 avro” dönəmi – Bu şəxslər cərimə ödəməli olacaq

Venesiyaya bir günlük səfər edənlərin sayını məhdudlaşdırmaq üçün başladılan yeni təcrübə çərçivəsində aprel ayından etibarən şəhəri ziyarət etmək istəyənlər üçün biletlər satışa çıxarılıb.

Gununsesi.info xəbər verir ki, sınaq müddətində şəhəri gəzmək üçün bir günlük biletin qiyməti 5 avro olub. Bilet yerli vaxtla səhər saat 08.30-dan axşam saat 16.00-a qədər etibarlı olacaq.

Yeni təcrübə İtaliyada rəsmi bayram olan 25 aprel tarixindən qüvvəyə minəcək. İyulun ortalarına qədər sonrakı 10 gün və daha sonra əksər həftə sonları üçün Venesiyaya səfər etmək üçün bilet almaq lazımdır.

Ziyarətçilər onlayn ödəməli və onlara bir günlük giriş imkanı verən QR kodu almalıdırlar. Biletinin olmadığı aşkarlanan şəxslər 50 avrodan 300 avroya qədər cərimə ödəməli olacaqlar.

Bu məhdudiyyətlərə şüşə istehsalı sənayesi ilə tanınan Murano kimi kiçik adalar daxil deyil. 14 yaşından kiçik ziyarətçilər və ya otel rezervasiyası olan turistlər qeydiyyatdan keçməli və QR kodu əldə etməlidirlər, lakin ödəniş etməli olmayacaqlar.

Bundan əlavə, Venesiya sakinləri, Venesiyada anadan olanlar, tələbələr, işçilər və şəhərdə evi olanlar bilet bron etməkdən və almaqdan azad olunacaqlar.

Hakimiyyət orqanları sistemin effektivliyini qiymətləndirəcək ilk mərhələdə şəhərə daxil olan insanların sayına məhdudiyyətin olacağı gözlənilmir.

Ağır turizm və daşqınlar çoxdan kövrək şəhər üçün problem olub. Keçən il Birləşmiş Millətlər Təşkilatına (BMT) bağlı mədəniyyət qurumu UNESCO İtaliyanı Venesiyanın iqlim dəyişikliyindən və intensiv turizmdən qorumaq üçün kifayət qədər addımlar atmamaqda günahlandıraraq, İtaliyanı təhlükə altında olan Ümumdünya İrs Siyahısına əlavə etmək barədə xəbərdarlıq etmişdi.

Gununsesi.info