Prezident İlham Əliyevin Sərəncamı ilə Aprel döyüşləri şəhidi, XTQ giziri Pəncəli Teymurova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Gununsesi.info–nun məlumatına görə, Pəncəli Teymurov 1981-ci ilin 24 martında Astaranın Əzərüd kəndində anadan olub.
O, 17 illik hərb həyatında Azərbaycan Ordusuna şərəflə xidmət edib və göstərdiyi şücaətlərə görə mükafatlandırılıb.
Gizir Pəncəli Teymurov Aprel döyüşlərində döyüş dostları – Murad Mirzəyev, Samid İmanov, Muhud Orucovla birgə Talış yüksəkliklərinin alınmasında və Talışda çoxlu sayda düşmənin məhv edilməsində şəxsi igidliyi ilə fərqlənib və aprelin 3-də qəhrəmancasına şəhid olub. Aprelin 11-də doğulduğu kənddə dəfn edilib.
Xatırladaq ki, 2023-cü ildə müdafiə nazirinin müavini, general-polkovnik, Vətən Müharibəsi Qəhrəmanı Hikmət Mirzəyev XTQ-in əfsanəvi döyüşçüsü Pəncəli Teymurovun anası ilə görüşüb, şəhidin məzarını ziyarət etmişdi.














