
Əgər Rusiya prezidenti Vladimir Putin qətlə yetirilmiş sabiq baş nazir Sindzo Abenin rəsmi dəfn mərasimində iştirak etmək istəsə, rəsmi Tokio buna icazə verməyəcək.
Gununsesi.info xəbər verir ki, bu barədə “Nikkei” portalı naməlum mənbəyə istinadla məlumat paylaşıb.
Məlumatda belə bir qərarın səbəbi kimi Ukraynada başlatdığı xüsusi hərbi əməliyyatlara cavab olaraq Qərbin Rusiya prezidentinə qarşı sanksiyalar tətbiq etməsi göstərilir. Dəfn mərasimi iyulun 27-nə planlaşdırılıb.
RF prezidentinin sözçüsü Dmitri Peskov iyulun 9-da bildirmişdi ki, cənab Putin mərhum Abenin dəfn mərasiminə qatılmayacaq. Fəqət, o vaxt söhbət iyulun 12-də keçirilən və eks-baş nazirin aiə üzvlərinin və ən yaxın çevrəsinin iştirak etdiyi özəl tədbirdən gedirdi. Dövlət səviyyəsində keçiriləcək dəfn mərasiminin vaxtı isə yalnız dünən bəlli olub və Kreml Vladimir Putinin həmin mərasimdə mümkün iştirakı barədə məsələyə şərh verməkdən çəkinib.
Qeyd edək ki, Sindzo Abe iyulun 8-də Tokioda seçkiqabağı mitinqdə çıxış edərkən güllələnib.
Gununsesi.info