
Azərbaycan Demokratiya və Rifah Hərəkatı (ADR) Tarif (Qiymət) Şurasının əhali üçün 1 kubmetr su tarifinin fevralın 1-dən 2 dəfə artırılması barədə qərarını əsassız hesab edir. Bununla əlaqədar olaraq, ictimai təşkilat iqtisadiyyat naziri Mikayıl Cabbarova bu qərarın təxirə salınması və yenidən baxılması xahişi ilə müraciət edib.
«Bu məsələ ilə bağlı qərar, TŞ Əsasnaməsində nəzərdə tutulmuş öhdəliklər və hüquqlar, mütəxəssislərin rəyləri nəzərə alınmadan və istehlakçıların maraqlarına xələl gətirilmədən, əhalinin alıcılıq səviyyəsinə riayət olunmadan qəbul edilib», – deyə ADR sədri Qubad İbadoğlu sosial media hesabındakı müraciətində yazıb.