Tanınmış müğənni Baş prokurora və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət etdi

Tanınmış müğənni Dəniz Əsədova Baş prokurora və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasının keçmiş baş həkimi Mehparə Musa qızı Kazımovanın və  Bakı şəhər Nərimanov rayonu 8 saylı Tibbi-Sosial Ekspert Komissiyasının sədri vəzifəsində işləmiş Şahin Səyyaf oğlu Verdiyevin  təqsirləndirilməsinə dair cinayət işi ilə bağlı müraciət edib.

Gununsesi.info vasitəsilə müstəntiqə çatdırılmasını istəyən müğənni qeyd edib ki, cinayət işi hazırda Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin müstəntiqi Bədir Abdullayevin icraatındadır.

Dəniz Əsədova müraciətində qeyd edib ki, Mehparə Kazımovanın və Verdiyev Şahin Səyyaf oğlunun barəsində olan cinayət işi kifayət qədər səthi və qeyri-obyektiv şəkildə araşdırılmaqdadır: “Belə ki, həmin şəxslərin qabaqcadan əlbir olaraq cinayət törətməsi barədə tərəfimdən sizə müxtəlif səsyazıları, sms mətnləri təqdim olunub. Mənə qarşı edilmiş dələduzluq əməli ilə bağlı Azərbaycan Respublikası Baş Prokuroru cənab Kamran Əliyevin qəbulunda olarkən cənab Baş Prokuror da mənə qarşı edilmiş dələduzluq əməlinin obyektiv şəkildə araşdırılacağına dair mənə söz verib. Daha sonra tərəfinizdən Mehparə Kazımovanın və Şahin Verdiyevin mənə qarşı etdiyi dələduzluq əməli ilə bağlı hər epizod üzrə ayrı-ayrılıqda mənim ifadəm alınıb. Lakin bu günə kimi nə Şahin Verdiyevin, nə də Mehparə Kazımovanın mənə vurmuş olduqları zərərin ödənilməsi istiqəmətində heç bir addım atılmayıb. Halbuki həm sizə təqdim etdiyim sms mətnləri, səs yazıları və digər sübutlar, həmçinin ifadəmdə qeyd etdiyim xüsusatlardan hər iki şəxsin mənə qarşı etdiyi dələduzluq əməli tam şəkildə ifşa olunub. Onların arasında olan sms yazışmalarına və səs yazılarına diqqət etdikdə həmin şəxslərin qabaqcadan əlbir olaraq cinayət törətmələri, xüsusilə külli miqdarda pulu ələ keçirmələri tam şəkildə öz təsdiqini tapır”, – deyə o əlavə edib.

O bildirib ki, iş materiallarına diqqət etdikdə iş üzrə kifayət qədər şahidlər var: “Təqsirləndirilən şəxslər azadlıqda olduğu müddətdə şahidlərə və cinayət prosesinin iştirakçılarına təsir göstərərək bu yolla sübutları saxtalaşdırmağa çalışmışdır. Həmçinin onların azadlıqda olduğu müddətdə həmin cinayət əməllərini yenidən törətmək imkanı mövcuddur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 157.2-ci maddəsinə əsasən Həbs qətimkan tədbiri qismində bu Məcəllənin 155.1—155.3-cü maddələrinin tələblərini nəzərə almaqla seçilə bilər.  Həmin Məcəllənin  155.1-ci maddəsinə əsasən qətimkan tədbirləri müvafiq təhqiqatçı, müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya məhkəmə tərəfindən o hallarda tətbiq oluna bilər ki, cinayət təqibi üzrə toplanmış materiallar şübhəli və ya təqsirləndirilən şəxs tərəfindən aşağıdakı hərəkətlərin edilməsi ehtimalına kifayət qədər əsas versin: 155.1.1. cinayət prosesini həyata keçirən orqandan gizlənmək; 155.1.2. cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə, cinayət təqibi üzrə əhəmiyyət kəsb edən materialları gizlətməklə və ya saxtalaşdırmaqla ibtidai istintaqın və ya məhkəmə baxışının normal gedişinə mane olmaq; 155.1.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməli yenidən törətmək və ya cəmiyyət üçün təhlükə yaratmaq. Lakin şəxslərin barəsində həbs qətimkan tədbirinin seçiləcəyi durumunda onun şahidlərə və digər şəxslərə təsir göstərməsi, dələduzluq əməllərinə davam etməsi mümkünsüz olacaqdır. Halbuki mülkiyyət əleyhinə olan cinayətlərdə zərərçəkmiş şəxslərlə barışmaq mühüm əhəmiyyət kəsb edir. Şəxslərin bugünkü günə kimi mənimlə barışmağa cəhd etməməsi onun barışıq niyyətinin olmamasına dəlalət edir. Lakin şəxsin həbsə alınaraq cəmiyyətdən təcrid edilməsi durumunda təqsirləndirilən şəxsdə zərərçəkmiş şəxslərlə barışmaq və vurulmuş zərərin ödənilməsi istiqamətində məsuliyyət yaranacaqdır. Buna görə də hazırkı vəsatətimlə sizə müraciət edirəm”.

O, vəsatətində qeyd edib ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 121-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan aşağıdakıları yerinə yetirməlidir:

“121.1.2. cinayət təqibi üzrə icraatın materiallarına cinayət prosesi tərəflərinin, habelə cinayət prosesində iştirak edən digər şəxslərin yazılı vəsatətlərini və xahişlərini əlavə etmək;

121.1.3. bu Məcəllədə digər qayda nəzərdə tutulmayıbsa, vəsatətlərə və xahişlərə onların verilməsindən bilavasitə sonra baxmaq və nəticələri üzrə müvafiq qərar çıxarmaq

121.2. Vəsatətə və ya xahişə əsasən qəbul edilmiş qərar əsaslandırılmalı və həmin qərarda ərizəçinin dəlillərinə verilmiş qiymət öz əksini tapmalıdır. Cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlər rədd edilə bilməz.

Yuxarıda göstərilənlərə istinadən Sizdən xahiş edirəm ki, icraatınızda olan Kazımova Mehparə Musa qızının və Verdiyev Şahin Səyyaf oğlunun təqsirləndirilməsinə dair cinayət işinin hərtərəfli, tam, obyektiv araşdırılmasının təmin edilməsi üçün Kazımova Mehparə Musa qızının və  Verdiyev Şahin Səyyaf oğlunun barəsində həbs qətimkan təbirinin seçilməsi üçün vəsatət verəsiniz”.

 

Gununsesi.info