
“Taliban” hərəkatı Əfqanıstanda ilk dəfə rəhbər vəzifələrə qadınları təyin etdiyini bildirib.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Taliban”ın yaratdığı müvəqqəti hökumətin informasiya və mədəniyyət nazirinin müavini Zabihullah Mücahidin “Twitter” səhifəsində qeyd edilib.
Dərc edilmiş məlumata görə, müvəqqəti kabinet rəhbərinin sərəncamı ilə doktor Məlalay Rəhim bütün ölkədə bu tipli yeganə mamalıq və ginekoloji müəssisə olan Kabildəki “Malalay” ixtisaslaşdırılmış doğum evinin direktoru təyin edilib.
Digər qadın – doktor Arian isə paytaxtın Şəhrar məhəlləsindəki ginekoloji klinikaya direktor təyin edilib
Bu təyinatlar “Taliban” və beynəlxalq təşkilatların nümayəndələri arasında bir sıra görüşlərin nəticəsi olub. Həmin görüşlər zamanı digər məsələlərlə yanaşı, Əfqanıstanın ictimai-siyasi həyatında qadınların iştirakı ilə bağlı məsələlər qaldırılıb.
Əfqanıstan dünyada doğuş zamanı ölümlərinin ən yüksək göstəricilərinə malikdir və bu problem təcili həll edilməlidir.
1996-2001-ci illərdə ölkədə Taliban hakimiyyətdə olanda qadınların hüquqları ciddi şəkildə məhdudlaşdırılmışdı: onlar çadra taxmağa məcbur edilmişdilər, sərbəst hərəkət etmələrinə və ictimaiyyət arasında görünmələrinə, təhsil almalarına, peşə seçmələrinə icazə verilmirdi.
Qanun pozuntularına görə qadınlar cismani cəzaya və ya ölümə məhkum edildi.
2021-ci ilin sonlarında Əfqanıstanın bütün ərazisi üzərində nəzarəti bərqərar edən “Taliban” Qadın İşləri Nazirliyini ləğv edib, qızların məktəblərə girişini məhdudlaşdırıb, qadın teleaparıcıları hicab taxmağa məcbur edib. “Taliban”ın qurduğu müvəqqəti hökumətə hələ bir qadın da daxil olmayıb.
“Taliban” beynəlxalq ictimaiyyətin qınağı altındadır və onların hökumət kabineti dünyanın heç bir ölkəsi tərəfindən tanınmır.
Gununsesi.info