– Paşinyan dünən parlamentdəki çıxışı zamanı Moskva ilə iki istiqamətdə danışıqların getdiyini dedi. Birinci istiqamət Rusiyanın Gümrüdəki hərbi bazasının genişləndirilməsidir. İkinci istiqamət də Rusiyanın Azərbaycanla yaxınlıqda – Zəngəzurda yeni hərbi bazasının yaradılmasıdır. Belə görünür ki, Azərbaycan ərazilərinə “İsgəndər” raketlərini atan zehniyyət Ermənistandakı hərbi bazasını genişləndirməyə və yenisini də yaratmağa hazırlaşır. Bizim sualımız da budur ki, bunlar kimə qarşıdır? Əslində bu suala dünən Moskvada erməni həmkarı ilə görüşən Rusiyanın baş qərargah rəisi cavab verdi. O, açıq şəkildə bildirdi ki, Ermənistan Rusiyanın Cənubi Qafqazdakı əsas strateji müttəfiqidir.
Hesab edirəm ki, Rusiyanın Ermənistanın istəyini yerinə yetirməsi mümkündür: həm mövcud hərbi bazasını genişləndirə, həm də yenisini yarada bilər. Rusiya onsuz da bizə xoş olmayan xeyli addımlar atır. Bu da Azərbaycan üçün xoşagəlməyən növbəti addımı olacaq. Rusiya hərbçiləri bölgədə yerləşməyənə qədər bizim bu ölkə ilə bu qədər problemimiz yox idi. Dedilər ki, rusiyalı hərbçilər Qarabağda olsun, biz də məcbur olub razılaşdıq. Bundan sonra sualların sayı da artdı. Çünki təxribatlar getdikcə çoxalır, “İsgəndər” məsələsi var, bölgədə modul tipli yaşayış yerlərinin sayını artırırlar, bayraqlarını hava limanından asırlar, Laçın dəhlizi nəzarətsiz qalıb. Bütün bunlar, Rusiyanın Azərbaycana qarşı xoş olmayan mesajlarıdır. Amma Rusiyada anlamalıdırlar ki, bu cür sualların sayı artıqca, Moskva Azərbaycanla münasibətlərə mənfi təsir edir və edəcək.
– Azərbaycan bu addımlara qarşı nə etməlidir?
– Bizim “İsgəndər”lə bağlı suallarımıza heç bir münasibət bildirmirlər. Peskov da diqqəti yayındırmaq üçün belə bir açıqlama verdi ki, guya məsələ müzakirə predmetidir. Biz müharibədə Ermənistan üzərində qələbə qazandıq, yenə olsa, yenə udacağıq. Ermənistan bizim qarşımızda zəifdir. Amma qarşımızda Rusiya-Ermənistan hərbi ittifaqı olanda bu, bizim üçün müəyyən problemlər yaradır. Biz buna cavab olaraq, Türkiyə ilə hərbi ittifaqı gücləndirməliyik.
Bir neçə gün əvvəl belə bir təkliflə çıxış etdim ki, Şuşada mütləq Türkiyənin hərbi qarnizonu yaradılmalıdır. Bu, bizim üçün çox vacibdir. İlk növbədə, erməni separatçıları son yüz ildə Şuşaya qarşı xeyli təxribatlar törədib. İşğal etdilər, yandırdılar, dağıtdılar, qətliamlar həyata keçirdilər. Əlbəttə, sonda Azərbaycan qələbə qazandı və Şuşaya nəzarətimizi bərpa etdik. Buna görə də, Şuşanın təhlükəsizliyini təmin etmək üçün Türkiyənin orada hərbi qarnizonu olmalıdır. Digər yandan, Türkiyənin orada hərbi qarnizonu olarsa, bəlkə də Rusiya hərbçilərini Qarabağdan çıxarmaq mümkün olardı. Biz də bundan sonra deyə bilərik ki, əgər Türkiyə hərbi qarnizonunun Şuşada olmasını istəmirsinizsə, o zaman bölgədəki bütün hərbi qüvvələr çıxarılsın, o cümlədən Rusiya hərbçiləri.
– Peskov deyir ki, Şuşaya atılan “İsgəndər M” raketi ilə bağlı Rusiya və Azərbaycan hərbçiləri arasında dialoq aparılır. Sanki Rusiyanın siyasi rəhbərliyi bununla məsuliyyəti öz üzərindən atıb, yükü hərbçilərinin üstünə qoymaq istəyir. Peskovun bu açıqlamasından çıxan məntiq belə ola bilərmi?
– Kremlin icazəsi olmadan “İsgəndər M” raketləri Ermənistana verilə bilməzdi. Bunu hamı anlayır. Yəni Rusiyanın Müdafiə Nazirliyi öz qərarı ilə bunu Ermənistana verməsi mümkün deyil. Bu, Kremlin razılığı ilə baş verib. Cinayət üstündə yaxalanıblar, buna görə də deməyə sözləri yoxdur. Amma anlamalıdırlar ki, bu, Rusiya-Azərbaycan münasibətlərinə mənfi təsir edəcək. Bir ara xəbər yaydılar ki, guya ermənilərin Rusiyanın hansısa zavodundan raketləri oğurlayıblar. Bu, real deyil. Çünki dünyada ən güclü kəşfiyyat və kosmikizləmə sistemləri Rusiyadadır. Yəni belə yolla raketləri zavoddan götürmək mümkün olmazdı. Bu, diqqəti yayındırmaq üçün ortaya atılmış iddia idi.