Şuşa beynəlxalq birliyin diqqət mərkəzində olacaq

“Azərbaycan xalqı Şuşa şəhərinin 2023-cü ildə Türk Dünyasının Mədəniyyət Paytaxtı seçilməsini böyük sevinc hissi ilə qarşıladı. İlk növbədə qeyd etmək istərdim ki, Şuşa bu şərəfli statusu öz keçmişi, tarixi, mədəniyyəti ilə haqq edib”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

Millət vəkili bildirib ki, istər xanlıqlar dövründə, istərsə də ondan sonrakı 2 əsrdən artıq bir müddətdə Şuşanın Azərbaycanın ictimai-siyasi həyatında özünəməxsus yeri olub:

“Təsadüfi deyil ki, Şuşa Qafqazın konservatoriyası adlandırılır. Mədəniyyət, incəsənətlə yanaşı, maarifçiliyin inkişafı baxımından 19-cu əsrdə tikilmiş  Şuşa məktəblərinin əhəmiyyətli rolu olub. Şuşanın Türk Dünyasının Mədəniyyət Paytaxtı seçilməsi siyasi nöqteyi-nəzərdən son dərəcə əhəmiyyətlidir. Uzun illər saxta erməni təbliğatının nəticəsi olaraq hələ də Şuşanı erməni şəhəri kimi görmək istəyən qüvvələr kifayət qədərdir. İl ərzində Şuşa şəhəri beynəlxalq birliyin diqqət mərkəzində olacaq, 100 minlərlə turist bölgəyə səfər edəcək”.

Deputat qeyd edib ki, turistlər Şuşada, eləcə də Qarabağda 30 illik erməni işğalının acınacaqlı nəticələrini öz gözləri ilə görmək imkanı əldə edəcəklər:

“Eyni zamanda Azərbaycan dövləti tərəfindən aparılan tikinti-quruculuq işləri, tarixi-memarlıq abidələrinin bərpası ilə tanış olacaqlar. Kütləvi informasiya vasitələri il ərzində Şuşada gedən prosesləri diqqət mərkəzində saxlayacaq. Bunlardan əlavə, müxtəlif təmayüllü mədəni-kütləvi tədbirlər keçiriləcək. Bütün bunlar Şuşa ilə yanaşı, Azərbaycan dövlətinin, tarixinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərinin təbliğ olunması deməkdir”.

Gununsesi.info