Surət Hüseynovun cəzası - RAUF MİRQƏDİROV YAZIR

  • By admin
  • 02 Avqust 2023 07:44

 

Sürət Hüseynov da vəfat etdi. Vallah, mənim onun ailə üzvlərinə, əzizlərinə yazığım gəlir. Sürət Hüseynov öləndən sonra da əzizləri onun günahlarının ağrısını və cəzasını çəkəcəklər.

Azərbaycanda çox az adam tapmaq olar ki, ünvanına bu qədər lənətlər yağdırılsın.

Düşünmürəm ki, onun övladları nə vaxtsa başqalarının gözünün içınə dik baxıb fəxrlə bu sözləri deyə biləcəklər: “Mən Sürət Hüseynovun yadigarıyam!”.

Demirəm ki, atalarından imtina edəcəklər. Amma ən azından kiməsə tanışlıq verəndə bizim adət-ənənələrə uyğun “mən filankədin oğluyam” və ya ” filankəsin qızıyam” deməkdən çəkinəcəklər. Öz kimıiyinin bir hissəsini gizlətmək məcburiyyətindən böyük cəza ola bilməz…

Bilmirəm, bəlkə Sürət Hüseynov övladlarına kifayət qədər var-dövlət qoyub, maddi cəhətdən onların həyatını təmin edib. Amma başqaları tərəfindən ehtiramla qarşılana biləcək ad qoymayıb. Əkisinə! Onun mirası lənətlərdir! Heç kimə ömrünün sonuna qədər lənətlərlə dolu belə bir mənivi mirasın daşıyıcısı olmağı arzulamazdım…

Rauf Mirqədirov

İsveçrə/Surix