Şahzadə Diananın Con Travolta ilə rəqs edərkən geyindiyi paltar hərracda satılmadı- FOTOLAR

Şahzadə Diananın Con Travolta ilə rəqs edərkən geyindiyi paltar hərracda satılmadı

Şahzadə Diananın Ağ Evdə geyindiyi tünd göy rəngli məxmər paltarı Kerri Teylorun London hərracında alıcı tapmayıb. Geyimin hərracda 250 min – 350 min funt-sterlinqə satılacağı gözlənilirdi. Lakin paltar üçün təklif olunan məbləğ heç 200 min funt-sterlinqə çatmayıb.

Gununsesi.org  “Daily Mail”ə istinadən xəbər verir ki, Uels şahzadəsi Viktor Edelşteynin dizayn etdiyi gecə paltarını 1985-ci ildə rəsmi tədbirdə geyinmişdi. Onun həmin tədbirdə məşhur Hollivud ulduzu Con Travolta ilə  rəqsinin görüntüləri bütün dünyada yayılmışdı.

 Qeyd edək ki, 1997-ci ildə – ölümündən iki ay əvvəl şahzadə Diana həmin paltarı QİÇS xəstələri üçün xeyriyyə məqsədilə hərracda 100 min funt-sterlinqə satmışdı. Həmin vaxt paltarı floridalı biznes-ledi Morin Dankel almışdı.

Lakin 2011-ci ildə o, müflis olarkən paltarı hərraca çıxarır. Geyim ancaq iki ildən sonra britaniyalı şəxs tərəfindən 240 min funt-sterlinqə alınır. Bu gün yenidən hərraca çıxarılan paltar hələlik alıcısını tapmayıb.

Yeri gəlmişkən, Con Travolta  Ağ Evdə Reyqan ailəsi tərəfindən İngiltərədən gələn hörmətli qonaqların şərəfinə təşkil edilən o axşamı hələ də xatırlayır. Aktyorun sözlərinə görə, o, şahzadə ilə rəqs etmək şərəfinə nail olacağını bilmirdi.

COMMENTS