
Dövlət qurumlarında səyyar briqadalar vasitəsilə COVID-19 əleyhinə vaksinasiya prosesi həyata keçirilir.
Gununsesi.info xəbər verir ki, AZTV proseslə bağlı videosüjet yayımlayıb.
Süjetdə bildirilib ki, məqsəd vaksinasiyanın kütləviliyini artırmaq, vaxt itkisini və yarana biləcək sıxlığı minimum endirməkdir.
Aprelin 2-dən başlanan proses müxtəlif dövlət qurumlarında həyata keçirilir.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) department rəhbəri Aygün Əliyeva qeyd edib ki, bu günə qədər 500-dən çox dövlət qurumunun əməkdaşı könüllü şəkildə, öz iş yerindən ayrılmadan vaksinasiyadan keçiblər:
“Növbəti mərhələdə isə TƏBİB-ə gələn müraciətlər nəzərə alınaraq, ADA Universitetində, Vəkillər Kollegiyasında və Mətbuat Şurasında prosesin davam etdirilməsi gözlənilir”.
TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin əməkdaşı Elnarə Baxışın sözlərinə görə, səyyar briqadalar təşkil olunmaqla, ilk vaksinasiya prosesinə 1 saylı “ASAN xidmət” mərkəzində başlanılıb:
“Hazırda 3 saylı “ASAN xidmət” mərkəzində üçüncü gündür ki, vaksinasiya prosesi səyyar şəkildə davam etdirilir”.
TƏBİB-in koordinatoru Günel Məmmədova vurğulayıb ki, səyyar briqadaların tərkibində həkim, tibb bacıları və qeydiyyatçılar fəaliyyət göstərir:
“Əsas məqsədimiz pandemiyanın qarşısını almaq və xəstəliklə mübarizə aparmaqdır”.
Qeyd edək ki, indiyədək ölkədə 1 milyon 69 min 488 doz vaksin vurulub. Bunlardan 672 min 503-ü birinci mərhələ, 396 min 985-i isə ikinci mərhələ vaksinasiyadır.
Gununsesi.info