Sərhəddə hüquqpozma halları ARTIB

Ötən il Azərbaycan gömrük orqanları tərəfindən 17 144 hüquqpozma faktı aşkar edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) Əməliyyat-istintaq Baş İdarəsi rəisinin 1-ci müavini Güloğlan Muradlı məlumat verib. O qeyd edib ki, son 5 ildə sərhəd-keçid məntəqələrindən aşkarlanan hüquqpozmaların sayı artıb:

“Diqqətə çatdırılan hüquqpozmalar içərisində cinayətlərin çəkisi azalıb. Əvvəllər bu göstərici ortalama 8% idisə, 2021-ci ildə cəmi 2,4% olub. Bundan əlavə, 2021-ci ildə aşkar edilmiş 418 cinayət xarakterli faktın 101-i qaçaqmalçılıq (qaçaqmalçılıq əşyalarının dəyəri 6,3 milyon manat), 26-sı gömrük ödənişlərinin ödənilməsindən yayınma, 21-i aksiz markasız idxal (425 min manatlıq mal), 191-i 252,2 milyon manat valyuta vəsaitlərini xaricdən qaytarmama, 79-u digər əməllərlə əlaqədar olub. Bu əməllərin törədilməsində şübhəli bilinən 427 nəfərin (333 Azərbaycan vətəndaşı, 94 əcnəbi) barəsində müvafiq tədbirlər görülüb”.

G. Muradlı, həmçinin bildirib ki, 2021-ci ildə axtarışda olan 11 nəfərin tapılaraq istintaq orqanına gətirilməsi təmin edilib:

“İstintaqı aparılan 221 cinayət işindən 95-i ittiham aktları ilə birlikdə ibtidai araşdırmaya rəhbərlik edən prokurora göndərilib, həmin işlərdən 90-ı üzrə ittiham aktı təsdiq edilərək cinayət işləri baxılması üçün aidiyyəti məhkəmələrə verilib. 54 nəfər barəsində həbs qətimkan tədbiri seçilib. İcraatına xitam verilmiş 6 cinayət işi üzrə dövlət mülkiyyətinə vurulmuş 295 900 manat ziyan tam şəkildə ödətdirilib.

Ötən il 16 726 gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə 1 749 hüquqi şəxs (o cümlədən 481 xarici hüquqi şəxs) və 14 989 fiziki şəxs (o cümlədən 10 453 xarici vətəndaş) inzibati məsuliyyətə cəlb edilib, göstərilən şəxslərə qarşı 3 milyon 523 min 402 manat cərimə tətbiq olunmaqla, dəyəri 1 milyon 300 min 605 manat olan malları məhkəmə orqanları müsadirə edib. Bu xətaların 80%-i malların, nəqliyyat vasitələrinin və ya onlara aid sənədlərin müəyyən edilmiş müddətdə təyinat gömrük orqanına çatdırılmaması, 7%-i gömrük nəzarətindən gizlətmə, bəyan etməmə və yaxud düzgün bəyan etməmə, gömrük ərazisindən müəyyən edilmiş müddətdə kənara aparmama, yaxud qaytarmama, gömrük ödənişlərinin (borcunun) ödənilməsindən yayınma ilə, 13%-i isə digər xətalarla əlaqədar olub. Son vaxtlar ən çox rast gəlinən inzibati xətalardan biri də qısa idxal bəyannaməsinin elektron formada verilməməsidir”.

Gununsesi.info