17 yaşınızdan televiziyada fəaliyyətə başlamısınız. Həmin günləri necə xatırlayırsınız?
– Bəli, televiziya fəaliyyətimə 17 yaşımda başlamışam. Həmin günlər mənim üçün çox böyük təsadüf idi. Çünki kimlərinsə televiziya uşaqlıqdan arzusu olub. Amma məndə belə deyildi. Zalda qonaq kimi əyləşdiyim bir verilişdə televiziyada çalışmaq təklifi aldım. Qarşımdakı peşəkarlar məni bu işin alınacağına inandırmışdılar, belə də oldu. Çünki onlar iti kamera gözünə malik televiziyaçı idilər. Hər birinə minnətdaram. İlk efirimdə həyəcanlanmamışdım, bilmirəm niyə. Hətta verilişi birinci cəhddə çəkmişdik. İkinci efirimdə isə sevincdən həyəcanlanmışdım. Çünki efirə 5 dəqiqə qalmış dəhlizdə rəhbərimizi gördüm və mənə “İlk efiri belə gözləmirdik, səndə çox yaxşı alındı, tamaşaçı ilə səmimisən” dedi. Elə həmin bağ 17 yaşımdan bu günə kimi davam edir. Həmin vaxt çalışdığım kanalda yaşca hamıdan kiçik idim. Qarşımda jurnalistikada sözünü demiş insanlar var idi. Onlardan nələrsə öyrənməyə çalışırdım. “ANS” mənə səhvlərdən qorxmamağı, onları analiz edərək doğru istiqaməti müəyyən etməyi öyrətdi.
“Xəzər” televiziyasına gəlişinizdən, xəbər aparıcısı kimi fəaliyyətə başlamağınızdan bəhs edə bilərsinizmi?
– Xəbər aparıcılığım “Xəzər” televiziyasında başlamayıb. 2014-2016-ci illərdə “ANS” telekanalında “Xəbərçi” proqramını gündəlik təqdim edənlərdən biri olmuşam. “Xəzər” televiziyasında isə 1 sezon səhər informasiya proqramını (“Xəzərin səhəri”) aparmışam. Daha sonra 2017-ci il avqust ayından “Xəzər Xəbər”in əsas buraxılışına çıxmışam. Eyni zamanda “Xəzər” və “Araz FM” radio dalğalarında da hər saat xəbərləri təqdim edənlərdən biriyəm. Məlumat çatdırmaq mənim üçün bir missiyaya çevrilib. Harada olmağımdan asılı olmayaraq bu missiyaya münasibətim dəyişməzdir. Buraxılışlarda təqdimatlarımı özüm yazıram. Tamaşaçıyla kontakt qurarkən süniliyə yol verməməyə çalışıram. Mən xəbərləri izləyən insanlarla sadəcə söhbət edirəm. Bəzən süjetdən sonra şərhimi bildirirəm. Təbii ki, qərəzə yol verməmək şərti ilə. Şəhərdə və ya ucqar kənddə yaşayan və xəbərləri izləyən tamaşaçı ilə anlaşıqlı dildə əlaqə qurmaq çox vacibdir. Mənim “Xəzər Xəbər”dəki yolum bundan ibarətdir.
Xəbər aparıcısını digər aparıcılardan nələr fərqləndirir? Hansı 3 xüsusiyyətin xəbər aparıcısında olmasını vacib hesab edirsiniz?
– Xəbər aparıcısı üçün peşəkarlıq populyarlıqdan əvvəl gəlməlidir. Təəssüf ki, indi bunun əksi daha çox gözə dəyir. Xəbər aparıcısı xəbər duyumlu biri olmalıdır. Çünki xəbərin mətbəxini bilmədən onu təqdim edəndə ortadakı incə bağ qırılır və diqqətli tamaşaçı bunu hiss edir. Kameraya təkcə alət olaraq baxmayın. O hər şeyi ən kiçik detallarına qədər tamaşaçıya ötürür. Aparıcının savadından tutmuş, təqdim etdiyi xəbərin mahiyyətindən hali olub olmadığına qədər. Xəbər aparıcılığı həm də xarakterdir, duruşdur. İnsanın özü buna meyilli olmalıdır. Təkcə ekranda yox, eyni dərəcədə həyatda da.
Canlı efir zamanı başınıza gələn hadisələrdən birini bölüşə bilərsinizmi?
– 10 ili geridə qoymuşam. Dəyərini heç bir ölçüyə sığdıra bilmədiyim illərdir. Birbaşa yayımda başıma çox şey gəlib. Dəfələrlə suflyor itib və tamaşaçıya hiss etdirmədən xəbərin təqdimatını özüm etmişəm. Hətta bu adi hala çevrilib. Yayım zamanı studiyada işıq partlayıb, kameranı tutan ştativ qırılıb. Digər bir hadisədə isə efir vaxtı operator studiyada yıxılıb və bunu görə-görə mən ölüm xəbəri təqdim etmişəm. Müharibə zamanı xəbər buraxılışına hazırlanırdım, qrim otağında idim, rəhbərim gəldi. Bərdədə terror baş verdiyini və vaxt itirmədən efirə çıxmalı olduğumu dedi. Üzümdə yarım makiyaj, əlimdə heç bir məlumat olmadan canlı yayıma çıxdım. Bərdəyə birbaşa bağlandıq, terrorun görüntülərini göstərirdik və mən ürəyimdə ağlaya-ağlaya şərh edirdim. Bu efir 3 saatdan çox çəkdi. Tamaşaçı efiri gördü. Qalan şeylər isə məndə qaldı.
Qələbə xəbərini ilk çatdıran aparıcılar sırasında siz də varsınız. Həmin an nə hiss etdiniz?
– Qələbə xəbərini çatdırmaq hər bir xəbər aparıcısının arzusu idi. Mənim də həmçinin. İllərdir bu günü gözləyirdik. Bu, peşəm qarşısında imtahanım idi. 44 gün efirdə oldum. Hər gün yuxu kimi idi. İlk dəfə sentyabrın 27-si Murov zirvəsinin azad olunması xəbərini çatdırdım. Müharibənin davamında Cəbrayılın azad olunması xəbəri gəldi. Efirə qoşulduq, qələbə anında bir vətəndaş olaraq nə eşitmək istəyirdimsə, onu da tamaşaçıya dedim. “Gözün aydın, Azərbaycan! Cəbrayıl ev sahibini salamlayır. Azərbaycan əsgərinin ayağı bu dəqiqələrdə doğma torpaqlarımızdadır.” İndi də fərq etməz, nə zaman hansı işğaldan azad olunan ərazi ilə bağlı efirdə dediyim ifadələri soruşsanız, əzbər söyləyə bilərəm. O anlar yaddaşıma əbədi yazılıb. Cəbrayılın ardınca digər doğma rayonlarımızda da həmçinin. Şuşanın azad olunması xəbərini çatdıranda dünya mənim oldu. Allaha o qədər şükür etdim ki. Ondan sonrakı efirlərdə də istər Zəfər günü, istər mübarək şəhidlərimizin anım günü, Kəlbəcər, Laçın, Ağdam təhvil veriləndə – hamısında eyni həyəcan, eyni məsuliyyət. Müharibə zamanı informasiya təminatı sahəsində çalışmaq şərəf idi. Allah hər zaman qələbə xəbərləri çatdırmağı nəsib etsin.
Peşənizlə bağlı hansı arzunuzu gerçəkləşdirməyi çox istərdiniz?
– Peşəmlə bağlı böyük bir arzum qələbə xəbərini çatdırmaq idi və bu gerçəkləşdi. İnsan yaşayırsa, arzular da doğulur, boy atır, məqamı gələndə çin olur. Mən çalışdığım sahədə yararlı bir fərd olmaq istəyirəm. Hər şey xəbər təqdimatı ilə məhdudlaşmamalıdır. Müasir çağın tələbləri ilə ayaqlaşmaq, öyrənmək və öyrətmək. Biliklərimi paylaşmaq – məqsədim budur. Çünki ali təhsil müəssisələrində radio və televiziya fakültəsi yoxdur. Bu peşələrə yiyələnənlər çətinlik çəkirlər. Məncə televiziyanı evi bilən şəxsləri də bu məsələ narahat etməlidir. Gələcək üçün də çalışmalıyıq. Mən nəzəri, daha sonra isə iş təcrübəmdə qazandığım bilikləri bu sahədə peşəkar fəaliyyətə yönələn şəxslərlə bölüşmək istəyirəm. Bu yolla seçdiyim sahəyə vicdan borcumu yerinə yetirmiş olacağam.
Hər kəsin bilməsində xeyirli gördüyünüz həyat təcrübəsi nədir?
– Bu elə bir şeydir ki, insan onu ən yaxınında hiss etməyincə tam anlaya bilmir. Məsələn, bir hadisə sənə əziz bir insanın başına gələ bilər və sən bundan heç bir nəticə çıxarmaya bilməzsən və ya adi sıradan təsir bağışlayar. Hadisənin paylaşılacaq həyat təcrübəsinə çevrilməsi nisbi anlayışdır. Psixoloji tərəfləri var. Yalnız onu deyə bilərəm ki, bütün pis və ya xoş təcrübələrə rəğmən vicdanını itirməmək, haradan və necə başladığını unutmamaq, həyata neqativ tərəfdən yanaşmamaq, əlində və yanında olanlara şükür etmək vacibdir. Həyata gülümsəmək lazımdır, çünki içində sevdiklərimiz var.
Kitab oxumağı sevirsinizmi? Sevirsinizsə, hansı kitabları məsləhət görərdiniz?
– Kitab oxumağı sevmiriksə belə vərdiş etmək məsləhətdir. Düzü, 10 ildir kitabı xəbərlə əvəzləmişəm. Hər gün sayını itirdiyim qədər məlumat oxuyuram. Lakin sevdiyim kitablar da var. Bu daha çox avtobioqrafik, psixoloji və şəxsi inkişafla bağlı kitablardır. Məsləhət görə biləcəyim Manaf Süleymanovun “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabıdır. Xanımlar üçün Elif Şafak “Qara süd” də ola bilər.
Əgər bir kitabı başdan sona qədər əzbərləmə şansınız olsaydı, o hansı kitab olardı?
– Əzbərləməsəm də, Xalid Hüseynin “Çərpələng uçuran” əsərindən özümə götürdüyüm pay olub. Uşaqlarla, həqiqi dostluqla, yalan qarşısında susmamaq, həqiqəti danmamaqla bağlı. Bir sözlə, insanlıqla əlaqəli: “Həyatda bircə günah var, o da oğurluqdur. Bütün digər günahlar oğurluğun növləridir. Kimisə öldürəndə onun həyatını oğurlayırsan, arvadından ərini, uşaqlardan atasını oğurlayırsan. Yalan danışanda birinin həqiqəti bilmə haqqını oğurlayırsan. Oğurluqdan daha alçaq hərəkət yoxdur.”
Həmin kitabdakı bu hissənin mənası mənim üçün çox dərindir. Bu kitabdan xoşladığım digər bir hissə isə “Dedikləri sözün arxasında duran insanların əsas nöqsanı budur, onlar düşünür ki, hər kəs onlar kimidir”.
Ən böyük xəyalınız və gerçəkləşdirmək istədiyiniz planlarınız nələrdir?
– Bütün hədəflərimin kökü yararlı olmaqdır. Xəyallar və planlar yaşa və zamana görə dəyişə bilir. Bu gün əlçatmaz görünən sabah adi gələ bilər. Ona görə anı yaşamaq lazımdır. Amma bütün baş verənlər sonda bir kitab halına gəlsə və ya gətirə bilsəm nə xoş mənə. Çünki yaxşı hisslər və müsbət enerji bölüşülməlidir. Ümid ola bilmərik, amma ümidi ötürə bilərik.
Günlük həyat tərzinizdə nələri etməyi adət halına gətirmisiniz? Peşəkar inkişafınız üçün nələr edirsiniz?
– Belə bir deyim var: “Televiziya yalnız iş yeri deyil, həm də həyat tərzidir”. Günlük həyatımın ayrılmaz hissəsi xəbərdir. Gündəmi izləmək, baş verənlərdən xəbərdar olmaq işimlə bərabər, həm də məşğuliyyətimdir. Digər hallarda adət etdiklərim sırasında gündəlik piyada gəzmək, hər gün 2 litr su qəbulu var. Bunlar 3 ildən çoxdur ki, dəyişməyən gündəlik vərdişlərimdir. Son vaxtlar yeni adətlərimdən biri onlayn dərslərdir. Bu daha çox peşəmlə bağlı olur. Media çox dinamik inkişafda olan bir sahədir. Bu istiqamətdə yeniliklərdən bixəbər olmaq geridə qalmaq kimi bir şeydir. Buna görə mütəmadi paralellər aparıram. Bilik və bacarıqların inkişafı istiqamətində həm də mental sağlamlıq üçün şəxsi inkişafıma hədəflənən nələrsə öyrənmək, araşdırmaq mənim üçün hədsiz xoşdur. Nə qədər ki, enerjimiz, sağlamlığımız var, nələrsə öyrənməliyik.
Sizcə, peşəkar aparıcı olmaq üçün hansı amillər şərtdir?
– Peşəkar aparıcı təbii olaraq peşəkar jurnalist olmalıdır. Təəssüf ki, ölkəmizdə ali təhsil müəssisələrində teleaparıcılıqla bağlı bir fakültə yoxdur. Bu boşluq özünü çox kobud formada efir məkanında biruzə verir. Nitq mədəniyyəti, efir etikasından uzaq insanlara şans verilir. Beləliklə, tamaşaçı ilə ünsiyyət zənciri qırılır. Aparıcı çatdırdığı məlumata hərtərəfli hakim olmalıdır. Tamaşaçını təqdim etdiyi xəbərə inandırmağı bacarmalıdır. Düşünən beyin, inandırıcılıq qabiliyyəti, respondentlə ünsiyyətdə özünəinam – bu xüsusiyyətlər aparıcını tamamlamalıdır. “Çıxdım efirə məlumatı üzündən oxudum, işim bitdi” yanaşması qəbulolunmazdır. Müasir və peşəkar televiziyaçılıq potensiallı kadrlara hədəflənib və “kukla aparıcı” modelini çoxdan gözdən çıxarıb. Biz də çıxarmalıyıq.
Gözəl nitqə sahib olmaq, nitqimizi inkşaf etdirmək üçün nə etmək lazımdır?
– Hər şey ana dilini sevməkdən başlayır. Bu dil bizim genetik yaddaşımızdır. Azərbaycan türkcəsi qədim və ahəngdardır. Biz hər dəfə efirə çıxanda öz dilimizi təmsil edirik. Dilimizi sevməklə bərabər gözəl nitq üçün öyrənməli olduğumuz bir çox detal var. Doğru diksiya üçün qarın boşluğundan nəfəs almaq lazımdır. Bunun üçün müəyyən məşqlər etmək mütləqdir. Nəfəsdən əvvəl ağızda dişlərin, damaq və çənənin quruluşu kimi məsələlər gəlir. Burda iş valideynlərin də üzərinə düşür. Çünki süd dişləri töküləndən sonra uşaqların çənə və diş quruluşunu diqqətdə saxlamaq, problemlər olduqda aidiyyəti üzrə ixtisas həkiminə müraciət etmək vacibdir. Təbii ki, ləhcə olmamalıdır. Söz bazası üçün mütaliəyə üstünlük verilməlidir. Hərflərin doğru tələffüzü üçün artikulasiya məşqləri etmək lazımdır. Qısacası, gözəl və səlis olması üçün nitqimiz üzərində mütləq qaydada işləmək lazımdır. Hər efirə çıxan insan bunları nəzərə alsaydı, mənzərə tamam başqa olardı.
Jurnalistika fakültəsində oxuyan tələbələrə nəzəri və təcrübi hansı tövsiyələriniz olacaq?
– Əvvəla, hər birinə uğur arzu edirəm. Məsləhətim isə o olardı ki, ilk növbədə, Vətənlərini çox sevsinlər. Azərbaycana yararlı olmaq ən ümdə məqsəd olsun. Bu yolda daim öz üzərilərində çalışsınlar. Tənqidə açıq olsunlar. Zəif tərəflərinin inkişafına meyl etsinlər. Bir dil bir insandır. İkinci Qarabağ müharibəsi də göstərdi ki, informasiya cəbhəsində mübarizə nə dərəcədə vacibdir. Haqq səsimizi dünyaya duyurmaq üçün xarici dil və beynəlxalq jurnalistikaya istiqamət almaq lazımdır. Çətinliklərdən çəkinməsinlər. Çox bəyəndiyim bir ifadə var. ‘’Çətin olanı seç. Bu yolda rəqiblər azdır və ən böyük rəqabət bəlkə də özünlədir’’.