
Azərbaycanın Böyük Britaniyadakə səfirliyinə hücum edən radikal dindarların hansı qrupa mənsub olması üzə çıxıb.
Gununsesi.info bildirir ki, “musavat.com” saytı bu barədə məlumat dərc edib.
Səfirliyimizə hücum edənlər “The Mahdi Servants Union” (Mehdinin xidmətçiləri birliyi) adlı radikal dini qruplaşmasının üzvləridir. Qrupun lideri Yaser Əl-Həbibdir. O, İran İslam Respublikası hökumətinə qarşı düşmənçilik edir və İranın Ali Rəhbəri Əli Xamneyinin dini etimadnaməsini şübhə altına alır. Təşkilat özünü şiə təriqətinə aid sayır və iranlı ayətullah şirazini təqlid edir. Yaser əl-Həbib kökəncə Küveytlidir, Londonda yaşayır.
İranın teokratik rejimi bu radikal qruplaşmanı istehza ilə ”London şiələri” adlandırır.
Qrup sünni təriqətinin əleyhdarıdır, öz peyk kanalı vasitəsilə bu cür təbliğat aparır və həmçinin xəlifə Ömərə və Peyğəmbərin arvadı Aişəni təhqir edənlərə dəstək verir.
Onu da qeyd edək ki, qrup “Fədak” adlı peyk televiziyasını idarə edir.
Bu, radikal qrupun ilk belə həmləsi deyil.
2018-ci il martın 10-da dəyənək və xəncərlərlə silahlanmış qrupun dörd üzvü Hüseyn Əl Şirazinin həbsinə etiraz olaraq İranın Londondakı səfirliyinin birinci mərtəbəsinin eyvanına çıxaraq İran bayrağını öz qruplarının bayrağı ilə əvəz ediblər. Bildirək ki, Hüseyn Şirazi İranın dini və siyasi rəhbərliyini təhqir etməkdə günahlandırılıb.
Belə bir qruplaşmanın Azərbaycan səfirliyindən nə istəməsi və oranı nəyə görə işğal etməsi ilə bağlı rəsmi açıqlama yoxdur.

Gununsesi.info