“Səbail”in kapitanı ciddi həkim nəzarəti altındadır

“Səbail”in futbolçusu Ağabala Ramazanovun son durumuna aydınlıq gəlib.

Paytaxt klubunun Media və Marketinq şöbəsinin rəhbəri Rəşad Məmmədov Gununsesi.info-ya açıqlamasında Azərbaycan Premyer Liqasının XII turunda “Turan Tovuz”la oyunda huşunu itirən kapitanın vəziyyətinin sabit olduğunu bildirib.

Klub rəsmisi 30 yaşlı hücumçunun hələ də xəstəxanada olduğunu söyləyib: “Ağabalanın durumunda dəyişən bir şey yoxdur. Hazırda həkim nəzarətindədir. Həkimlər hələ bir neçə gün onu ciddi şəkildə nəzarətdə saxlayacaqlar”.

Qeyd edək ki, Ağabala Ramazanov “Turan Tovuz”la görüşün 45-ci dəqiqəsində rəqiblə toqquşduqdan sonra yerə yıxılaraq hərəkətsiz qalıb. Tibbi heyətin müdaxiləsindən sonra futbolçu xəstəxanaya çatdırılıb. Qarşılaşma “Səbail”in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Gununsesi.info