Dövlət İmtahan Mərkəzində rezidenturaya qəbul qaydalarında edilmiş dəyişikliklərlə bağlı mətbuat konfransı keçirilib.
Gununsesi.org xəbər verir ki, mətbuat konfransında Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 41 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rezidenturaya qəbul Qaydaları”nda Dövlət İmtahan Mərkəzinin təklifinə əsasən Nazirlər Kabinetinin 20 dekabr 2019-cu il tarixli 488 nömrəli Qərarı ilə edilmiş dəyişikliklər barədə məlumat verilib.
Qeyd edilib ki, dəyişikliklərə əsasən rezidenturaya qəbul olmaq üçün baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndiriləcək. İmtahandan “məqbul” alanlar 5 (beş) il ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılacaqlar.
Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına əsas (baza ali) tibb təhsilinin III kursunu tam bitirmiş tələbələr (faktiki olaraq 4-cü, 5-ci, 6-cı kurs tələbələri və əvvəlki illərin məzunları) də buraxılırlar. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan tələbələr ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən sonra buraxılırlar.
Bundan əlavə, “ixtisas seçiminə ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından topladığı balı Mərkəz tərəfindən müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan namizədlər buraxılacaqlar.”.
Müsabiqə namizədlərin ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından topladıqları bal əsasında aparılacaq.
Dəyişikliklər 2020/2021-ci tədris ilindən qüvvədədir.
COMMENTS