Azərbaycanın tarixində elə günlər var ki, xalqın azadlıq iradəsini və milli qürurunu əks etdirir.
Belə tarixi hadisələrdən biri 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasıdır.
2025-ci il isə Azərbaycanda “Konstitusiya və Suverenlik İli” kimi qeyd olunur, bu həm 1995-ci il Konstitusiyasının 30 illiyini, həm də İkinci Qarabağ müharibəsində qazanılmış qələbənin beşinci ildönümünü əhatə edir.
Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli sərəncamı ilə bu ilin “Konstitusiya və Suverenlik İli” elan olunması təsadüfi deyil — bu qərar Konstitusiyanın Azərbaycan dövlətçiliyinin inkişafında və demokratik dəyərlərin qorunmasında oynadığı mühüm rolu bir daha ön plana çıxarır.
Gununsesi.info -ya danışan Milli Məclisin deputatı Tural Gəncəliyev qeyd edib ki, 2025-ci ili əsas götürdükdə və Azərbaycanın müasir dövlətçilik siyasətini analiz etdikdə aydın olur ki, ölkəmiz artıq orta güc funksiyasını effektiv şəkildə həyata keçirir.

O, bildirib ki, orta güc kimi Azərbaycan qlobal xarici siyasət gündəminin formalaşmasında, geosiyasi çərçivədə və səviyyədə qərarların qəbulunda aktiv iştirak edir.
“Bu, təsadüfi deyil ki, 2025-ci ilin “Dövlət və Suverenlik İli” elan edilməsi Azərbaycanın tam müstəqil, ərazi bütövlüyünü təmin etmiş və çox güclü aktor kimi qlobal siyasətdə rol oynadığının göstəricisidir. Bu da təsadüfi deyil ki, məhz tam suverenlik bərpa edildikdən sonra dövlətimizin potensialı, gücümüzün imkanları açıldı və Azərbaycan qlobal səviyyədə xarici siyasət məsələlərində önəmli addımlar atdı. Ölkəmiz demək olar ki, bütün beynəlxalq əsas təşkilatlar və bloklarda dəyərli və önəmli partnyor kimi qəbul edilir.
Bu gün istər Avropa İttifaqı, istər Amerika, istər Böyük Avrasiya Məkanı, istər Şanxay Əməkdaşlıq Təşkilatı, istərsə də digər beynəlxalq iqtisadi platformalarda – məsələn, COP -29 tədbirində Azərbaycan aktiv iştirak edir. Burada əsasən geosiyasi və geoiqtisadi platformaların kəsişdiyi sahələr nəzərdə tutulur.
Azərbaycan ayrıca Türk Dövlətləri Təşkilatının sürətlə inkişafında önəmli rol oynayır və Böyük Avrasiya Məkanında güclü xarici siyasət yeritdiyi açıq görünür. Bununla bir daha aydın olur ki, dövlətimizin potensialı yalnız müharibə ilə ölçülmür. Müharibə bizə zərbə vursa da, yeni xarici siyasət və idarəetmə modelində Azərbaycanın güclü potensialı tam şəkildə özünü göstərir. Bütün yuxarıda sadaladığımız beynəlxalq təşkilatlar və güclü mərkəzlər Azərbaycanla əməkdaşlıq etmək istəyir. Bu isə təbii olaraq ölkəmizin idarəetmə modelinə də təsir göstərir. Yeni və innovativ texnologiyalardan istifadə edilməsində innovativ metodlar tətbiq olunur”,-deyə o əlavə edib.
Tural Gəncəliyev vurğulayıb ki, Qarabağın və Şərqi Zəngəzurun idarə edilməsində tətbiq olunan yeni metodlar göstərir ki, bu yanaşma artıq siyasətdə bir növ müasir texnologiyaların və “Azərbaycan brendi”nin istifadəsinə xidmət edir:
“Təbii ki, Azərbaycanın xarici siyasət və idarəetmə modeli bundan sonra da daha da təkmilləşəcək. Çünki sürətlə inkişaf edən və dəyişən dünyada Azərbaycan liderliyi həyata keçirir.
Ona görə də, məsələn, alternativ enerji mənbələrinin gündəmə gəlməsi Azərbaycanın nə qədər çevik və güclü xarici siyasət yürütməsindən irəli gəlir. Azərbaycan, ən azı müstəqilliyini əldə etdikdən sonra, ənənəvi enerji resurslarını çıxaran, istehsal edən və ixrac edən ölkə kimi formalaşmışdır.
Ancaq müasir dünyanın tələblərinə uyğun olaraq, xüsusilə torpaqlarımız işğaldan azad edildikdən sonra, alternativ enerji mənbələrinə keçid, texnologiyaların əldə edilməsi və tətbiqi, eləcə də yeni innovativ metodların tətbiqi istiqamətində ciddi addımlar atıldı. Bu, xüsusilə Qarabağda açıq görünür.
Beləliklə, bu kimi məsələlərdə prioritetlər həm dəyişən dünyanın, həm də Azərbaycanın özünün dəyişməsi, onun liderlik potensialının əldə edilməsi və qorunması istiqamətində atılan addımlarla müəyyən olunur”.
Gununsesi.info -ya danışan siyasi şərhçi Azər Həsrət qeyd edib ki, “Konstitusiya və Suverenlik İli” bir mərhələnin qapanması, başqa bir mərhələnin isə başlanması kimi qiymətləndirilməlidir:

“Çünki Müstəqil Azərbaycan Respublikasının ilk və indiyə qədər yeganə konstitusiyası 1995-ci il noyabrın 12-də qəbul edilmişdir və 2025-ci ildə həmin konstitusiyanın 30 illiyi tamam olur.
O zaman Azərbaycan bütün ərazilərində öz suverenliyini təmin edə bilməmişdi, torpaqlarımızın bir qismi işğal altında idi. 1991-ci ildə Azərbaycan müstəqilliyini elan etdikdə, təəssüf ki, o vaxtki şərtlər daxilində bu müstəqilliyi bütün ərazimizdə təmin etmək mümkün olmamışdır.
1995-ci ildə konstitusiya həmin şərtlər altında qəbul edildi, yəni bütün ərazimizdə müstəqillik təmin edilməmişdi. Amma buna baxmayaraq, Azərbaycan xalqı daim inanırdı ki, mütləq bütün ərazimizdə müstəqilliyimizi və suverenliyimizi təmin edə biləcəyik. Yəni, o arzuyla yaşayırdıq.
Təbiidir ki, konstitusiyanın 30 illiyinin tamam olması ərəfəsində artıq Azərbaycan Respublikasının bütün ərazisində suverenliyimiz təmin edilib. Buna görə də Prezident İlham Əliyev 2025-ci ili “Konstitusiya və Suverenlik İli” kimi elan edib. Bu, bir mərhələnin qapanması və yeni mərhələnin başlanması deməkdir”.
Siyasi şərhçi əlavə edib ki, ölkənin daxilindəki ən ümdə məsələlər tam həll edildikdən sonra isə xarici siyasətdə açılmaq daha asan və rahat olur:
“Əvvəlki illərdə, yəni torpaqlarımız hələ işğal altındaykən, xarici siyasətimizin əsas öncəliyi həmin torpaqlarla bağlı səsimizi dünyaya çatdırmaq idi. Hamımız – istər Prezident İlham Əliyev, istər ayrı-ayrı dövlət xadimləri, istər vətəndaş cəmiyyəti, istər media təmsilçiləri – hər yerdə torpaqlarımızın işğal altında olması haqqında danışmalı olurdu, eyni zamanda erməni hücumlarına və onların havadarlarının fəaliyyətinə cavab verməliydik.
Amma indi vəziyyət tam dəyişib. Artıq işğal haqqında danışmağa ehtiyac yoxdur, çünki məsələ qapanıb. İndi biz Azərbaycan Respublikasının bir dövlət olaraq qlobal sülhə necə töhfə verə biləcəyi və qlobal inkişafda necə iştirak edə biləcəyi barədə danışırıq. Yəni, Azərbaycan dünyanın taleyini digər dövlətlərlə birlikdə paylaşmaq üçün daha çox imkanlar əldə edib. Öz problemlərimiz həllini tapdıqca, təbiidir ki, biz artıq dünyaya açılıb, qlobal məsələlərin həllinə töhfə verməyə çalışırıq və bundan sonra da çalışacağıq.
Yeri gəlmişkən, 44 günlük müharibə 2020-ci ildə bitdikdən sonra Azərbaycan, xüsusilə də COVID-19 pandemiyası ilə bağlı olaraq, dünya xalqlarına yardım əlini uzatdı. Çox geniş miqyasda, 80-dən çox ölkəyə Azərbaycanın yardımları göndərilmişdi.
Yəni, biz içəridəki ciddi problemləri həll etdikdən sonra artıq dünyanın müxtəlif guşələrində problemi olanlara kömək etməyə çalışırıq”.
Azər Həsrət sonda əlavə edib ki, Azərbaycan qlobal sülhün möhkəmləndirilməsinə əlavə töhfələr verə biləcək bir dövlətdir.
“Konstitusiya və Suverenlik İli çərçivəsində biz bu məsələlərə xüsusi diqqət ayıraraq dünyaya açılırıq. Bu artıq yeni bir mərhələdir”,– deyə o fikirlərini yekunlaşdırıb.

Şəbnəm Rəhimova













