Qarabağda silah səsləri: Ermənilər 4 polisimizi həlak etdi – XƏBƏRLƏR BLOKU / VİDEO

  • By arzu
  • 19 Sentyabr 2023 15:17

Salam, dəyərli izləyiciləri. Günün Səsi TV sizə gündəlik xəbərlər blokunu təqdim edir. Öncədən yayımı bəyənməyi, paylaşmağı və kanala abunə olmağı unutmayın.

Dünyada və ölkədə baş verən yeniliklərdən xəbərdar olmaq üçün Gununsesi.info saytına girərək xəbərləri oxuya bilərsiniz.

Xəbərlərə start veririk.

 

Xocavənddəki terrorda 4 polis həlak olub

Ötən gecə DİN-in 4 əməkdaşı terror aktı nəticəsində həlak olub.

Gununsesi.info xəbər verir ki, Baş Prokurorluq, DİN və DTX-nin birgə məlumatında onların erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək həlak olması bildirilib. Belə ki, polislər erməni terrorçularının törətdiyi diversiya aktı nəticəsində AAYDA əməkdaşlarının həlak olduğu qəza yerinə gedərkən digər minaya düşüblər.

Törədilmiş terror aktı nəticəsində DİN-in əməkdaşları olan 05.02.1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 08.07.1987-ci təvəllüdlü Şirinov Ramil Arif oğlu, 12.07.1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 21.07.1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlu hadisə yerində həlak olub.

Faktla DTX-nin İstintaq Baş İdarəsində cinayət işi başlanıb.

 

Növbəti erməni təxribatı – 2 hərbçimiz yaralandı

Sentyabrın 19-u saat 11:45 radələrində Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.

Bu barədə Gununsesi.info-ya Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Bildirilib ki, nəticədə Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb:

“Hərbi qulluqçularımıza dərhal ilkin tibbi yardım göstərilib. Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb”.

 

Arzu – Günün Səsi TV

Gununsesi.info