QAFAM yeni layihəyə start verdi – Gənc alim və tədqiqatçıların təşəbbüsləri dəstəklənəcək

Avqustun 1-də “Qafqaz Araşdırmaları Mərkəzi” (QAFAM) İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Gənc alim və tədqiqatçıların fəaliyyətinin stimullaşdırılmasının dəstəklənməsi təşəbbüsləri” layihəsinə start verib.

Təşkilatdan verilən məlumata görə, layihə çərçivəsində “Elmi tədqiqatların müasir metodologiyaları”, “Tənqidi düşüncənin gücü və imkanları”, “Problemləri həll etmə və qərar vermə”, “Yeni nəsil lider bacarıqları” “Komanda şəklində fəaliyyətin əsasları”, “Dünyanın nüfuzlu elm mərkəzlərinin fəaliyyəti, iş prinsipləri” mövzularında 6 onlayn seminar keçiriləcək. Seminarlarda 20 gənc tədqiqatçının iştirakı nəzərdə tutulur.

 

 

Gənc alim və tədiqatçıların bir qrupu ilə müsahibələr təşkil olunacaq, onların fikirləri, təklifləri yerli KİV-də dərc olunacaq və cəmiyyətin diqqəti onların üzləşdiyi problemlərə yönəldiləcək.

Bu sahədə tanınmış, təcrübəli azərbaycanlı mütəxəssislə gənc tədiqatçıların 3 görüşü təşkil ediləcək və layihə mövzusu ilə bağlı onun mühazirəsi dinlənəcək, tematik sual-cavab təşkil ediləcək.

Gənc alim və tədiqatçıların bacarıqlarının, səriştələrinin artırılması, üzləşdiyi çətinlikləri aradan qaldırmağa kömək edəcək “Gənc tədqiqatçılar üçün tövsiyələr” adlı kitabça hazırlanacaq. Kitabçada tədqiqatın fundamental məsələləri, akademik yazının prinsipləri ilə bağlı tövsiyələr əks olunacaq.

Kitabça Azərbaycan Milli Elmlər Akademiyasının İnstitutlarına, Gənc Alim və Mütəxəssislər Şuralarına, ali məktəblərin kitabxanalaırna təqdim ediləcək.

Hesabat hazırlanacaq, aidiyyatı dövlət qurumlarına, türkiyəli professorlara və vətəndaş cəmiyyəti institutlarına göndəriləcək.

 

Gununsesi.info