
Bu gün çox böyük bir faciə baş verir. Baş verən faciənin də bircə səbəbi var: —Beynəlxaq Hüququn koma halında olması. Qarabağın taleyi ilə oynayanlardır elə Fələstinin də sözün həm həqiqi, həm də məcazi mənasında evini yıxanlar.
İkili standartlar, Ukraynanın dərdinə düz, Azərbaycanın dərdinə tərs baxanlar! Fələstin məsələsinin həllini illərdir rəfarxasına atanlar! Hamısı bir əlin işləridir.
Beynəlxalq Hüquq işləmədiyindən hər bir dövlət özünü Beynəlxalq Hüquq hesab edir. HƏMAS-ın İsrailə qəfil, xain həmləsi gerçək terror aktıdır.
HƏMAS-la mübarizəni yalnız İsrail aparmamalıdır. HƏMAS-a qarşı bütün dünya birləşməlidir. FETÖ-yə qarşı, ASALA-ya qarş birləşməli olduğu kimi! Mübarizə sonuncu terrorçu zərərsizləşdirilənədək davam etməlidir. Amma İsrail də soyuqqanlılığını itirməməli, terrorçu qurumun qisasını hamıdan almamalıdır. Dünyanın ən ağıllı ordusunun bu saat əsas müttəfiqi Ağıl olmalıdır, Emosiya yox.
HƏMAS-a, onun dinc insanlara, qadınlara, uşaqlara, müasirlik, inkişaf, mütərəqqi gələcək saçan bəşər təmsilçilərinə qarşı etdiyi vəhşiliyə, antiinsani əməllərə güzəşt, aman olmamalıdır! Amma başı İsrailin Dəmir Qılıncı altına verilən zavallı fələstinlilərin taleyi də unudulmamalıdır!
Onların qətli qatil əməli deyil? 44 günlük müharibədə Dəmir Qübbə hesabına nə qədər dinc insanın ölümünün qarşısı alındı!?! İsrailin özünü biz həmişə Ağıl Dövləti hesab etməmişik? Bu gün hədəfə alınan, bombalanan, yerlə yeksan edilən təkcə Qəzza deyil, həm də Beynəlxalq Hüquqdur. Dəhşətli Qəzzaya niyə körpələr, qadınlar, qocalar-bir sözlə hamı uğramalıdır!?
Hanı nöqtəvi silahlar? Hanı süni zəka vasitələri? Xərçəngi ram edən bir dövlət HƏMAS adlı Bədxassəli Şişə də qalib gəlməyi bacarmalıdır.
Amma yalnız bəd xassəli şişi məhv etmək yoluyla. Müayinə, müallicə üsulu sonda insanın, İNSANLIĞIN özünü məhv edəcəksə, onda o müayinə və müalicə üsulu kimə lazımdır?
ALLAH-ı ALLAH-a qarşı qoymaq olmaz! ALLAH belə qənim olur!
Mirşahin Ağayev
Gununsesi.info