Qərbin Azərbaycana baxışı dəyişə bilər - Politoloq

“Son günlər yaşanan bir çox məsələlər Qərbin ikili standartlarla yanaşmasını növbəti dəfə ortaya qoyur. Biz mübaribə başa çatdıqdan sonra beynəlxalq donor təşkilatların, insan hüquqlarının müdafiəsi ilə məşğul olan ayrı-ayrı beynəlxalq QHT-lərin bizə qarşı laqeyq münasibətini görürük. Nəzərə almaq lazımdır ki, müharibə Azərbaycan torpaqlarında baş verib və həm müharibə dövründə, həm də 30 il ərzində işğal zamanı torpaqlarımız erməni faşistləri tərəfindən darmadağın edilib”. 

Bunu Publika.az-a açıqlamasında politoloq Ceyhun Əhmədli deyib.

Ekspertin sözlərinə görə, dağıntılara məruz qalmış ərazi Lüksemburqun ərazisindən qat-qat böyükdür: “Bu miqyasda bir ərazini bərpa etmək təbii ki, böyük maliyyə vəsaiti tələb edir. Təəssüf ki, Qərbdəki donor maliyyə institutları bu məsələdə Azərbaycana hər hansı dəstək göstərmək barədə fikirləşmirlər. Əksinə, ərazisinə güllə belə atılmamasına baxmayaraq, bir çox hallarda Ermənistana müxtəlif proqramlar çərçivəsində yardımların edildiyi müşahidə olunur. Xatırladım ki, müharibədən sonra Avropa İttifaqı Ermənistana 2 milyard avro, Azərbaycana isə ondan qat-qat az – 140 milyon avro maliyyə yardımının ayrılması barədə qərar qəbul etmişdi.  Aİ sonradan bu səhvini düzəltdi və bildirdi ki, təşkilat Ermənistanla Azərbaycan arasındakı yardım balansını gözləyəcək. Bu addımların özü də Qərbdəki selektiv, ikili standartlı yanaşmalardan irəli gəlirdi”.

C.Əhmədli vurğulayıb ki, digər vacib məsələ isə ərazilərin minalardan təmizlənməsi ilə bağlıdır: “Biz bir çox hallarda Qərbin üzdə insan hüquqlarının, insan həyatı və sağlamlığının qorunmasının carçısı kimi çıxış etdiyini görmüşük. Lakin təəssüflər olsun ki, torpaqlarımızda ermənilər tərəfindən basdırılmış minaların təmizlənməsi məsələsində eyni həssaslığı görə bilmirik. Azərbaycan dövləti dəfələrlə elan etməsinə baxmayaraq, Qərbdəki insan hüquqları təşkilatları minaların təmizlənməsi prosesində Azərbaycana yardım göstərmirlər. Cənab Prezident İlham Əliyev də dəfələrlə bəyan edib ki, bizim maliyyə imkanlarımız var, lakin bizim mütəxəssis problemimiz mövcuddur. Qərbdə də mina təmizlənməsi ilə bağlı kifayət qədər böyük təcrübə var. Biz də bu təcrübədən istifadə edə bilərik, yetər ki, onlar bu məsələ ilə əlaqədar təşəbbüs göstərsinlər. Nədənsə məsələ bir İslam ölkəsi, bir türk dövlətinə gələndə susurlar. Hələ ki, biz bu istiqamətdə müsbət irəliləyiş müşahidə etmirik. Ümid edirik ki, cənab Prezident İlham Əliyevin dünənki çıxışından sonra biz bu istiqamətdə Qərbin daha real, adekvat addımlarını müşahidə edəcəyik”.

Gununsesi.info