
Xəbər verdiyimiz kimi, ABŞ-ın Dövlət Katibi Entoni Blinken, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa Komissiyasının prezidenti Ursula von der Lyayen Brüsseldə görüşüblər.
Gununsesi.info bildirir ki, görüşdən sonra Paşinyan bəyanat yayıb.
Ermənistanın baş naziri bəyanatında Azərbaycanla münasibətlər haqqında danışıb.
“Ermənistanın 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq Azərbaycanla münasibətlərin normallaşdırılmasına, suverenlik və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan prosesə sadiq qalır. Ermənistan həmçinin suverenlik, yurisdiksiya, bərabərlik və qarşılıqlılıq prinsiplərinə tam hörmət əsasında qurulan Alma-Ata Bəyannaməsində qeyd olunduğu kimi, sərhədin demarkasiyasına və bütün regional kommunikasiyaların açılmasına tam sadiqdir”.
O, ölkəsinin Avropa və Avro-Atlantik məkana inteqrasiyası haqqında da danışıb.
“İnanıram ki, bizim demokratik, sülhsevər və firavan gələcəyə dair ümumi baxışımız bundan sonra da etimada əsaslanan münasibətlərimizin dayağı və bələdçi çırağı kimi xidmət edəcək”, – deyə baş nazir Nikol Paşinyan çıxışını yekunlaşdırıb.