
44 günlük qanlı savaşdan sonra Azərbaycan işğal altındakı torpaqlarının böyük hissəsini azad etdi.
Rusiyanın prosesə müdaxiləsi Azərbaycanla Ermənistan arasında razılaşma ilə nəticələnsə də cəmiyyət rus ordusunun bölgəyə girişi etirazla qarşılanıb.
Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa əməkdaşımızla söbətində deyir ki, rus sülhməramlı qüvvələri əraziyə nəzarəti Türkiyə ilə koordinasiyalı şəkildə həyata keçirəcək və burada təşvişə düşməli hal yoxdur.
F.Mustafa realist yanaşmağı təklif edir: “Azərbaycan mümkün olanı etdi. Mümkün olan da Qarabağın düşməndən azad edilməsi idi və Ordumuz buna nail oldu.
Biz “erməniləri tamamilə yox edək” düşüncəsi ilə yaşayıb dünya ilə üz-üzə gələ bilmərik. Eyni zamanda bu hadisələrdə Rusiyanın addımlarını qiymətləndirməliyik.
İlk növbədə Rusiya Qarabağda gedən müharibəyə müdaxilə etmədi, hətta ermənilərin yalvarışlarına da baxmadı. Həmçinin Naxçıvandan dəmir yolunun bərpası mümkün deyildi. Bunu Rusiya edə bilərdi. Odur ki, Azərbaycanın qazandığı uğura kölgə salacaq heç bir addım yoxdur.
Fakt 7 rayon azad edilib, digər ərazilərimizdə də erməniləri etnik təmizləməyə məruz qoyaraq beynəlxalq təzyiqləri üzərimizə yönəldə bilmərik.
Ümumiyyətlə, bu yanaşmalar küyçülüklə siyasətin içində yer almaqdan qaynaqlanır. Əhali atılan addımı daha dərindən anlayır.
Sıradan adamlar siyasətdəki populist mövqe sərgiləyənlərdən daha yaxşı başa düşür. Sadəcə, bundan süni şəkildə istifadə edib, xal yığmağa çalışırlar. Guya bunlar İlham Əliyevdən daha vətənpərvərdirlər, Rusiyaya qarşı kəskin mövqe tutmaqla daha çox azərbaycançıdırlar”.
F.Mustafanın sözlərinə görə, ortada Türkiyə var və Azərbaycanın maraqlarına zidd heç bir məsələ yoxdur:
“Rusiyanın 2000 nəfərlik sülhməramlı qüvvəsi dəhliz üzərində nəzarəti həyata keçirməyə başlayacaq.
Bütün idarəetmə bərpa olandan sonra hər şey yoluna düşəcək. İnsanlarımız Xankəndinə, Ağdərəyə də köçəcəklər. Sənəddə bütün qaçqınların köçürülməsindən söhbət gedir. Ona görə panikaya gərək yoxdur”.
Gununsesi.info