
“Ölkəmizdə böyük problemlərdən biri də odur ki, hüquqşünas məzunların sayı çox azdır”.
Gununsesi.info xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov jurnalistlərə açıqlamasında deyib.
O, hüquq ixtisası üzrə plan yerlərinin artırılmasını, yeni hüquq fakültələrinin yaradılmasını təklif edib.
“Məndə olan məlumata görə, bir sıra dövlət qurumlarında hüquqşünas vakansiyaları dolmur. Kifayət qədər kadrın olmaması böyük problemdir. Zənnimcə, həm Elm və Təhsil Nazirliyi, həm də digər aidiyyəti qurumlar bu məsələ ilə ciddi şəkildə məşğul olmalıdır.
Təklif edirəm ki, hüquqşünas tələbələrin sayı artırılsın, yeni hüquq fakültələri yaradılsın. Bu istiqamətdə son günlər müəyyən fikirlər səsləndirilir.
Bu təkliflərdən biri də Xankəndidə hüquq universitetinin yaradılmasıdır. Bu, çox gözəl təklifdir. Çünki ölkəmizdə hüquqşünas kadrlarının yetişməsində boşluq hiss olunur.
Hesab edirəm ki, hüquq elmi məktəbi güclənməlidir. Savadlı, təcrübəli, müxtəlif ölkələrdə təhsil almış hüquqşünas alimlərimiz elmi-pedaqoji fəaliyyətə daha da həvəs göstərilməlidir.
Bunun üçün hüquq fakültələrində dərs deyən müəllimlərin əmək haqları da artırılmalıdır. Çünki heç kimə sirr deyil ki, hüquq fakültələrində ödənişli təhsilin illik məbləği digər fakültələrlə müqayisədə daha bahadır.
Bu mənada hüquq fakültələrində dərs deyən müəllimlərin məvacibi daha yüksək olmalıdır. Əks halda biz o keyfiyətə nail ola və müsbət nəticə əldə edə bilməyəcəyik”, – deyə A.Bağırov qeyd edib.
Gununsesi.info