Norveç parlamenti homoseksuallığın “müalicəsi”ndə razılığa gəldi – Qadağan ediləcək

Norveç parlamentində liberallar, mühafizəkarlar və solçular bir neçə il davam edən danışıqlardan sonra konversion terapiya – yəni insanın cinsi oriyentasiyasını dəyişdirmək cəhdlərini qadağan edən qanun layihəsi üzərində razılığa gəliblər.

Gununsesi.info xəbər verir ki, bu barədə Norveçin “Dagbladet” media orqanı məlumat yayıb.

Razılaşma o deməkdir ki, Norveç parlamenti olan Stortinq, dekabrda səsə qoyulması planlaşdırılan konversiya terapiyasını qadağan edən qanun layihəsinə səs çoxluğu təmin ediləcək.

Təşəbbüs, xüsusilə “tibbi, alternativ və ya dini üsullar” vasitəsilə başqalarını cinsi oriyentasiyanı və ya gender kimliyini dəyişdirməyə məcbur etmək cəhdlərini cinayət hesab edir.

Qanun həm uşaqlar, həm də böyüklər üçün konversiya terapiyasını, habelə bunun üçün reklam və ödənişləri qadağan edəcək. Cəza üç il, xüsusilə ağır hallarda isə altı il müddətinə azadlıqdan məhrum etmədir.

Norveçin baş naziri Jonas Gahr Stjore hökuməti qanun layihəsini bu yaz onun necə görünməsi ilə bağlı bir neçə illik müzakirələrdən sonra təqdim edib.

Bu təşəbbüs valideynlər və dini qruplar tərəfindən tənqid edilib və bunun ifadə azadlığına və dini etiqad azadlığına xələl gətirə biləcəyi iddia edilib. Qanun layihəsində bu tənqidlər nəzərə alınıb və cinayətin sübutu yükünün ittiham tərəfinin üzərinə qoyulması nəzərdə tutulub.

Qeyd edək ki, konversion terapiya hazırda ən azı dörd Avropa İttifaqı ölkəsində qanunla qadağandır: Malta, Almaniya, Fransa və Yunanıstan. Bu il Kiprdə homoseksuallığın “müalicəsini” qadağan edən qanun layihəsi də qəbul edilib.

Gununsesi.info