Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev Şəki və Qax bölgəsindəki meşə torpaqlarının icarəyə verilib, əvəzində bitki, ağac və kolların kəsilərək yerində fındıq bağının salınması xəbərinə münasibət bildirib.
Gununsesi.org xəbər verir ki, “Qafqazinfo”ya açıqlama verən nazir müavini “Açıq meşə sahələri icarəyə verilməsi qanunvericilikdə nəzərdə tutulubmu?” sualına aydınlıq gətirib.
O bildirib ki, bu, 2017-ci ildə Azərbaycan Respublikasının Meşə Məcəlləsinə edilən dəyişikliyə əsasən tam qanunamüvafiqdir.
O qeyd edib ki, artıq payız ağac əkini mövsümü başlayıb və bu mövsümündə yay aylarında yanğın baş vermiş meşə sahələrinə meşəcinsli ağaclar əkilir, toxumlar səpilir. Bu günlərdə Oğuz rayonunun Calud kəndindinin yanğına məruz qalmış meşə sahələrində də ağaclar əkiləcək, toxum səpiləcək. Bütün vətəndaşlarımızı bu tədbirlərə dəvət edirik və ümid edirik ki, digər rayonların da əhalisi bizimlə birlikdə payız ağacəkmə layihələrinə qoşulacaq.
F.Əliyev onu da bildirib ki, bu mövsümdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağacın əkilməsi ilə də bağlı müvafiq hazırlıq işləri görülür. Yerlər müəyyən olunub, çalalar qazılır, suvarma sistemi qurulur və əkiləcək ağacların yerləri elektron xəritə üzərinə köçürülüb. Biz növbəti ağacəkmə mövsümlərində də ölkədə yaşıllıqların artırılması, meşə sahələrinin genişləndirilməsi və əhalinin meşə fondundan səmərəli istifadə etməsi, o cümlədən meşə fondu ərazilərinin potensialından maksimum yararlanması, sosial-iqtisadi baxımdan bəhrələnməsi istiqamətində işlərimizi davam etdirəcəyik.
COMMENTS