
Dünənki saytımızda belə bir kiçik status paylaşmışdım ki, Əli Əsədov və Cahangir Əsgərov naxçıvanlılarla niyə düşmənçilik edirlər? Səbəb də təbii ki, Naxçıvan təyyarələrinə qiymətin 10 manat (əslində 20 manat, çünki gedənlər geri dönməlidir, gələnlər də qayıtmalıdır) artırılmasıdı. Buna görə trolların hücumuna məruz qalmağımı göz önünə almışdım.
İndi məsələ budur ki, məni daha çox naxçıvanlılar qınayıb. Yadınıza düşürsə, dünən yazmışdım ki, ardını yazacam. Bilirdim ki, hücuma məruz qalacağam, ona görə sonluğu elə qurtarmışdım.
İndi top atəşinə məruz qalmışam. Özü də naxçıvanlılar tərəfindən, xüsusən də öz qohumlarım tərəfindən.
Nə yazırlar?
Aqil bəy, niyə Əli Əsədovu və Cahangir Əsgərovu tənqid edirsiniz, onları hirsləndirirsiniz?
Bizim minnətdarlıq məktubumuzu da çap edin həm Əli Əsədova, həm də Cahangir Əsgərova. Çox sağ olsunlar ki, qiyməti 100-150 manata qaldırmayıblar. Guya o qədər qaldırsaydılar nə edəcəkdik ki? Allah balalarını saxlasın, özlərinə də uzun ömür versin ki, qiyməti 100-150 manata qaldırmayıblar.
Sizi oxumuş adam bilirdik, ziyalı bilirdik, heç demə bu dünyadan xəbəriniz yoxuymuş ki. AZAL dövlət içində dövlətdir, prezidenti də dövlət içində prezidentdir.
Ay bisavad, o boyda qəzetə baş redaktorluq edirsən, Parlamentdə oturmusan, hələ müəyyən məsələləri bilmirsən.
Bəxtin gətirib ki, Yarın naxçıvanlı olsa da, özünü burdan deputat verməmisən, yoxsa sənə səs verməzdik. O Fazil Mustafaya denən ki, nə badə özünü Naxçıvandan deputat verə. Qüdrət Həsənquliyevə də denən ki, gələn seçkilərdə getsin özünü ayrı yerdən deputat versin, ona da səs verməyəcəyik.
Çox istəyərdik ki, Cahangir Əsgərov növbəti seçkilərdə özünü Naxçıvandan deputat versin, biz hamımız da ona yüz faiz səs verək, getsin otursun Parlamentdə. Necə bizim qayğımıza qalıb, eləcə də Parlamentdə bizim qayğımıza qalsın. Nə isə…
Aqil Abbas
Milli Məclisin deputatı