Müğənni: “Eyni dildə, eyni pasportu daşıyan insanlar bir-birinə nifrət edir”

  • Müəllif: Firuzə
  • 27 Avqust 2026 20:01

Müğənni Şəhriyar Məhərrəmov cəmiyyətdə insanlar arasında inamsızlıq və yadlaşma ilə bağlı fikirlərini bildirib.

Gununsesi.info xəbər verir ki, o, xüsusilə qonşular arasında evlərin hündür hasarlarla ayrılmasını tənqid edərək, bunun cəmiyyətdəki münasibətlərin göstəricisi olduğunu bildirib.

Şəhriyar Məhərrəmov qonşuların bir-birinin həyətini görməməsi üçün hündür hasarlar və jalüzlər çəkilməsini mənfi qarşılayıb.

“Bu mənzərə həqiqətən məni çox kədərləndirir. Biz niyə bu gündəyik? Biz niyə yalnız pis şeylər düşünürük? Bu nə bataqlıqdır, bu nə cəmiyyətdir, bu nə həyatdır?” – deyə müğənni yazıb.

O bildirib ki, sosial şəbəkələrdə qonşular arasında hündür hasarların çəkilməsi ilə bağlı çoxsaylı paylaşımlar görmək mümkündür:

“Tik-Tokda səhifələr var, bütün ölkə qonşu ilə arasında hündür divarlar, jalüzlər çəkir. Hamı eyni düşünür: ‘Qonşu həyətimi görməsin. Həyətimdən qonşunun bir balaca pəncərəsi belə görünməsin. Qonşu nə qədər hündür ev tiksə, mən hasarımı ondan da hündürə qaldıracağam’”.

Məhərrəmov bu yanaşmanı cəmiyyət üçün faciə kimi qiymətləndirib.

“Bir xalqın, cəmiyyətin faciəsidir e bu. Harda belə düşüncə var? Dünyada ümumiyyətlə evlər arasında hasar yoxdur, bizə isə hasar bəs etmir, ümumiyyətlə heç nə görmək istəmirik”, -deyə o qeyd edib.

Müğənni insanlar arasındakı qarşılıqlı münasibətlərə də toxunaraq, cəmiyyətdə inamsızlığın və qorxunun artmasından gileylənib:

“Belə cəmiyyət olar, ilahi? Eyni dildə, eyni pasportu daşıyan insanlar bir-birinə nifrət edir, bir-birinə güvənmir, bir-birindən qorxur”.

Şəhriyar Məhərrəmov sonda Avropa ölkələrinin Azərbaycan vətəndaşlarına viza məsələsində yaratdığı çətinliklərə də münasibət bildirib və bunu cəmiyyətdəki düşüncə tərzi ilə əlaqələndirib.

“Sonda da deyirik Avropa ölkələri bizə viza vermir. Niyə versin ki? Axı onlar hansı təfəkkürdə, səviyyədə, biz harda…” – deyə müğənni fikirlərini tamamlayıb.

Elmar
Gununsesi.info