Milli Məclis “Dağlıq Qarabağ və Laçın rayonunun bir hissəsinin müvəqqəti nizamlama qaydaları haqqında” Qanun qəbul etməlidir TANINMIŞ HÜQUQŞÜNASDAN TƏKLİF

  • By admin
  • 17 Noyabr 2022 09:21

“”Sülhməramlıları”nın nəzarətində olan ərazini Rusiyanın ümidinə buraxmaq olmaz. Milli Məclis “Dağlıq Qarabağ və Laçın rayonunun bir hissəsinin müvəqqəti nizamlama qaydaları haqqında” Qanun qəbul etməlidir”.

Bunu Gununsesi.info-ya açıqlamasında tanınmış hüquqşünas Fuad Ağayev deyib.

Fransa Senatının son qətnaməsinin bu məsələni aktuallaşdırdığını deyən Fuad Ağayev bildirir ki, belə bir qanunun qəbulu zəruridir:

Orada əhalinin siyahıya alınması, Qarabağa aidiyyəti olmayan şəxslərin buraxılmaması və s.məsələlər həll olunmalıdır. Milli Məclisdə deputat adına uyğun nə qədər adam var? Bacarmırlar bu kimi işlərin öhdəsindən. Müraciət etsinlər, yardım edək. Çünki bu, ümummilli məsələdir.

Hesab edirəm ki,Kəlbəcər, Ağdam və Laçın bizə qaytarılandan sonra hələ tam nəzarətimizdə olmayan ərazilərimizdə həm “sülhməramlıların”, həm yerli əhalinin davranış qaydalarını Kreml diqtə etməli deyil, biz müəyyənləşdirməliyik.

İlk növbədə Azərbaycan-Ermənistan sərhədində, Laçın rayonuna olan sərhəd məntəqəsində Azərbaycan sərhədçiləri oturmalı, ərazimizə daxil olanlara qanunlarımıza müvafiq şəkildə nəzarəti həyata keçirməlidirlər. Eynilə orada gömrük məntəqəmiz yaradılmalı, fəaliyyət göstərməlidir. Həmçinin, Azərbaycan polisi və DTX-sının da normal işləməsi üçün şərait yaradılmalıdır. Əks təqdirdə, həmin əraziyə külli miqdarda silah-sursat, hərbi texnika da göndəriləcək, terrorçular da”.

Hüquqşünas deyir ki, bundan başqa  qanunda ərazinin silahsızlaşdırılması da nəzərdə tutulmalıdır:

“Yaxın beş ildə bütün odlu silahlarının (daha ciddi silah növləri ilə bərabər) olması qadağan edilməlidir. Ərazidə qalmaqda olan silahlı dəstələr, onların üzvləri ilə bağlı vəziyyət də tam nizamlanmalıdır”.

Fuad Ağayev sonda hökumətə və parlamentə çağırış da edib:

“Layihənin hazırlanması ilə bağlı hər cür kömək edə bilərəm, lap təkbaşına hazırlayaram, təki siyasi iradə olsun”.

Afət Abbasova

Gununsesi.info