Məlahət İbrahimqızı: “Bizim bundan sonra Sizlərlə münasibətimiz seçdiyiniz millət vəkilinizlə olacaqdır - NƏSİMİ YAP-ÇILARI KONFRANS KEÇİRİB

  • By admin
  • 24 İyun 2021 09:21

YAP Nəsimi rayon təşkilatının XI hesabat konfransı keçirilib.

Qeyd edək ki, bu, hakim partiyanın sonuncu qurultayından sonra rayon təşkilatlarının   ilk konfransıdır.

Bu konfransın ənənəvi konfranslardan  fərqi isə yeni nizamnaməyə uyğun olaraq, icra hakimiyyəti orqanlarında və qanunvercilik hakimiyyətində vəzifə tutan şəxslərin YAP -da yerli təşkilatlara sədr seçilməməsidir.

Uzun illər YAP Nəsimi Təşkilatının sədri olmuş Məlahət İbrahimqızı konfransda ötən dövrdəki fəaliyyətlərinə nəzər salıb.

Gununsesi.info onun çıxışını təqdim edir:

Biz 16 il birgə çalışdıq. Biz birlikdə, bir ailə kimi Ulu öndərimizin qurduğu, əvəzedilməz Liderimiz və Prezidentimiz möhtərəm cənab İlham Əliyevin rəhbərlik etdiyi YAP-ın Nəsimi rayon təşkilatında fəaliyyət göstərdik. Hər biriniz və hər birimiz çalışdıq ki, dövlətimizə və dövlətçiliyimizə ləyaqətlə xidmət edək. Siyasi məsuliyyətimizi və vəzifə borcumuzu vicdanla yerinə yetirməyə çalışdıq. Konfransımızda rayon təşkilatımızın ünvanına çıxış edənlər, xüsusən də YAP Mərkəzi Aparatın rəhbəri hörmətli Tahir Budaqov çox yüksək səviyyədə və dəyərli fikirlər səsləndirdi.

Fürsətdən istifadə edib bir daha mənə beş dəfə etimad göstərib Millət Vəkili seçilməyimə etdikləri böyük etimada görə YAP -ın sədri , Müzəffər Ali Baş Komandanımız və Prezidentimiz İlham Əliyevə və Birinci vitse-prezidentimiz möhtərəm Mehriban xanım Əliyevaya minnətdarlıq edirəm.
YAP Mərkəzi Aparatın rəhbəri hörmətli Tahir Budaqovun səsləndirdikləri bu fikirlər və münasibət YAP Nəsimi təşkilatının hər bir üzvünə aid idi. Bu gün dövlətimiz özünün intibah dövrünü yaşayır. Eləcə də Partiyamız özünün yeni inkişaf mərhələsinə qədəm qoyur. Ölkəmizdə total islahatlar həyata keçirilir. Əminik ki, YAP Nəsimi təşkilatı bundan sonra da birinciliyini qoruyacaqdır.
Qiymətli Dostlar,
Bəlkə də bəzən Sizə qarşı haqsızlıq və ya biganə olmuşam. Buna görə də Sizin hər birinizdən üzr istəyirəm. Haqqınızı halal edin.
Bizim bundan sonra Sizlərlə münasibətimiz Nəsimi rayonundan seçilmiş, daha doğrusu seçdiyiniz millət vəkilinizlə olacaq. Amma hər zaman Sizlərə borcluyam. Harada olsaq yenə də dövlətimizə və Liderimizə xidmət edəcəyik.
Hər birinizə sonsuz təşəkkürlər, can sağlığı, hörmətlər və uğurlar arzulayıram. Allah Sizi , bütövlükdə Xalqımızı və Vətənimizi qorusun.

 

Gununsesi.info