Məhkəmə Cahangir Əsgərovun xanımına “yox” dedi - Onu ittiham edən iş adamı bəraət aldı

  • By admin
  • 05 İyul 2021 19:36

“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi, “İdeal Kompani” şirkətinin müxtəlif təzyiq vasitələrilə əlindən alındığını deyən iş adamı İlqar İsmayılov bu haqda dövlət orqanlarına yazdığı şikayətlərə, mediaya müsahibələrinə görə xüsusi ittiham qaydasında məhkəməyə verilib.

Onun Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrilə cəzalandırılmasını tələb edən isə “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərovun xanımı, “Premium Bank”ın təsisçilərindən biri Zərifə Həmzəyevanın nümayəndəsi və hüquqşünası Məharət Hüseynlidir. İlqar İsmayılov iddia edir ki, onun əlindən şirkətini zorla məhz AZAL prezidentinin xanımı alıb.

İş adamının sözlərinə görə, 1999-cu ildə təkbaşına yaradıb, inkişaf etdirdiyi şirkətin 50 faizini 2011-ci ildə qarşı tərəfin təklifilə ona satıb. Şirkətə həmtəsisçi olan Zərifə Həmzəyeva sonradan qalan payı da istəyib, lakin o, satmaq istəməyib. İş adamının sözlərinə görə, belə olan halda, qarşı tərəf təzyiqlərə əl atıb. İlqar İsmayılov iddia edir ki, “Premium Bank”da onun adına 5 milyonluq kredit müqaviləsi saxtalaşdırılıb, o, 2017-ci ildə sifarişlə həbs olunub. Həbsdə olduğu dövrdə Həmzəyevanın sahibi olduğu bankın nümayəndəsi notariusla birlikdə onun yanına gələrək, etibarnaməsini alıb, o, şirkətdəki qalan payından imtina edib, bundan sonra azadlığa buraxılıb. Xüsusi ittiham qaydasında iddia qaldıran Məharət Hüseynli isə iş adamının bu fikirlərinin əsassız olduğunu yazıb.

Onun iddiasına Nəsimi rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyilə baxılıb və iyulun 5-də hökm oxunub.

Hakim iddianın əsassız olduğu nəticəsinə gəlib, CM-nin 147 və 148-ci maddələrilə İlqar İsmayılova qarşı irəli sürülmüş ittihamlar üzrə ona bəraət verilib. Məhkəmə hesab edib ki, İlqar İsmayılov təhqir və böhtana yol verməyib.

İlqar İsmayılov hazırda həbsdədir. O, 2011-2017-ci illərdə vəzifəsindən sui-istifadə edərək, 680 min manata yaxın vəsaiti mənimsəməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda məınimsəmə) və 308.2 (vəzifədən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. O, “İdeal Kompani”nin kassasından 2011-2017-ci illərdə 680 min manat pul götürüb mənimsəməkdə ittiham olunur. İş adamı isə ittihamı qəbul etmir. O bildirir ki, ittiham saxtadır. Onun sözlərinə görə, şirkətin zorla necə əlindən alındığını ictimailəşdirdiyinə görə yenidən sifarişlə həbs olunub. AZAL prezidentinin xanımı “Premium Bank”ın təsisçisi olmaqla yanaşı, həm də kosmetik məhsulların istehsalıyla məşğul olan “Gazelli Group”un prezidentidir.

 

Günay Təhməzova

Gununsesi.info