
Laçın dəhlizi ətrafında gərginliyin artması Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanması işini çətinləşdirir.
Gununsesi.info xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.
Mixail Qaluzin TASS-a müsahibəsində deyib ki, Rusiya tərəfi danışıqlar prosesini dəstəkləməyə hazırdır.
“Əlbəttə, Laçın dəhlizi ətrafındakı hazırkı eskalasiya kimi insidentlər danışıqların fonunu, o cümlədən sülh müqaviləsini çətinləşdirməyə bilməz. Rusiya tərəfi vəziyyətin yerində nizamlanması üçün ciddi səylər göstərir. Biz Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasına nail olmaq üçün birgə işin tezliklə bərpasını səbirsizliklə gözləyirik”, – nazir müavini bildirib.
O qeyd edib ki, sənədlə bağlı razılaşdırma müddəti o qədər də vacib deyil.
“Əsas odur ki, Bakı və İrəvan regionda sabit və ədalətli sülhə təminat verəcək qarşılıqlı məqbul həllə nail ola bilsin”, – Rusiya xarici işlər nazirinin müavini bildirib.
Gununsesi.info