
Rusiya Prezidenti Vladimir Putin Krım körpüsündə baş vermiş fövqəladə vəziyyətlə bağlı hökumət komissiyasının yaradılması barədə göstəriş verib.
Bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.
Onun sözlərinə görə, Putin baş verənlərlə əlaqədar Rusiyanın Baş naziri Mixail Mişustindən, baş nazirin müavini Marat Xusnullindən, fövqəladə hallar naziri Aleksandr Kurenkovdan və nəqliyyat naziri Vitali Savelyevdən, habelə hüquq-mühafizə orqanlarının rəhbərlərindən məlumat alıb.
“Prezident baş nazirə hadisənin səbəblərinin araşdırılması və nəticələrinin tezliklə aradan qaldırılması üçün hökumət komissiyasının yaradılmasını tapşırıb. Dövlət başçısının tapşırığı ilə nazirlər Savelyev və Kurenkov hadisə yerinə yola düşüblər”, – deyə Peskov bildirib.
09:38
Krım körpüsündə yük qatarında yanacaq çəni partlayıb. Sosial şəbəkələrdə hadisənin başvermə anı ilə bağlı görüntülər yayılıb.
Krım Dəmir Yolları hadisə ilə bağlı məlumat yayıb. Şirkətdən bildirilir ki, yanğın qatarın quyruq hissəsində başlayıb.
“Lokomotiv vaqonların bir hissəsi ilə stansiyaya gətirilib. Hazırda yanğının söndürülməsi üçün işlər aparılır. Hadisənin səbəbləri araşdırılır”, – deyə KDY-dən bildirilib.
Həmçinin vurğulanır ki, naviqasiya tağlarına ziyan dəyməyib.
Krım körpüsü nəqliyyat vasitələri üçün müvəqqəti bağlanıb.