Ad günü Sammiti

Rusiya prezidenti Vladimir Putin 70 illik yubileyini doğulduğu şəhərdə qeyd edir.

Gununsesi.info bildirir ki, oktyabrın 7-si Sankt-Peterburqda Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammiti keçiriləcək. Sammitdə MDB üzvü olan ölkələrin liderləri, o cümlədən Azərbaycan Prezidenti iştirak edəcək.

MDB-nin əsası Rusiya, Belarus və Ukrayna dövlət başçılarının 8 dekabr 1991-ci ildə imzaladığı sazişlə qoyulub.

21 dekabr 1991-ci ildə Moldova, Azərbaycan, Ermənistan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan sazişi imzalayaraq MDB-yə qoşulublar.

1993-cü il dekabrın 9-da Gürcüstan da MDB-yə daxil olub.

Rusiyanın hərbi təcavüzünə məruz qalan Gürcüstan 2009-cu ildə MDB-dən ayrılıb, Ukrayna eyni səbəbdən 2014-cü ildən başlayaraq qurumda iştirakını dayandırıb.

MDB-nin icra orqanı Minskdə yerləşir. İcraiyyə Komitəsinin sədri-icraçı katib postunu rusiyalı Sergey Lebedev tutur.

Vladimir Putin 1952-ci il oktyabrın 7-də Leninqrad (indiki Sankt-Peterburq) şəhərində doğulub.

Leninqrad Dövlət Universitetinin hüquq fakültəsini bitirib, həmçinin Moskvada Dövlət Təhlükəsizliyi Komitəsinin Ali Məktəbində və Xarici Kəşfiyyat Akademiyasında oxuyub.

1975-1990-cı illərdə təhlükəsizlik orqanlarında çalışıb.

1990-cı ildən əvvəl Leninqrad Dövlət Universiteti rektorunun köməkçisi, sonra Leninqrad Şəhər Soveti sədrinin müşaviri postlarını tutub.

1991-ci ildən Sankt-Peterburq meriyasında çalışıb, 1994-cü ildən Sankt-Peterburq hökuməti sədrinin birinci müavini olub.

1996-cı ildən Rusiyanın ali hakimiyyət orqanlarında işləyib, prezidentin işlər müdirinin müavini, Prezident Administrasiyası rəhbərinin birinci müavini, Federal Təhlükəsizlik Xidmətinin direktoru (eyni zamanda Təhlükəsizlik Şurasının katibi) olub.

1999-cu il avqustun 16-da baş nazir təyin edilib. 1999-cu il dekabrın 31-dən həmçinin prezident vəzifəsini icra edib, 2000 və 2004-cü illərdə prezident seçilib.

2008-ci ilin may ayından baş nazir olub. 2012 və 2018-ci illərdə prezident seçilib.

Gununsesi.info