“Komfort Həyat” qayda-qanun tanımır - MƏHKƏMƏ ƏDALƏTİ BƏRPA EDƏCƏKMİ?

  • By admin
  • 18 Fevral 2022 13:20

Nərimanov Rayon İcra Hakimiyyətinin sərəncamı ilə «Komfort Həyat» MTK-yə Bakı şəhərinin Təbriz, Tələt Şixəliyev və Malik Məmmədov küçələrinin kəsişməsində hündürmərtəbəli yaşayış binasının inşasına icazə verilmişdir.

Sərəncama əsasən həmin ərazidə yerləşən yaşayış binalarının sakinləri qarşılqlı razılaşma əsasında, yeni mənzillərlə təmin edilənədək hər ay kirayə haqqı ödənilməklə müvəqqəti olaraq başqa mənzillərə köçürülməli, həmin ərazidə yerləşən yaşayış binaları isə sökülməlidir.

Sərəncam əsasında «Komfort Həyat» MTK ərazidə yerləşən yaşayış binalarını azı 2018-ci ildən sökərək hündürmərtəbəli yaşayış kompleksinin inşasına başlasa da, eyni ərazidə və sərəncamda göstərilən küçələrinin kəsişməsində yerləşən «Luksorvil İnterneşnl» MMC-yə məxsus üçmərtəbəli evin əvəzinə nə kompensasiyanı ödəyir, nə də ki eyni dəyərində olan mənzilləri təqdim edərək kirayə haqqını da ödəməkdən yayınır.

Müvafiq sərəncamı verən Nərimanov Rayon İcra Hakimiyyəti isə həmin sərəncamın qanuni şəkildə icrasına ümuiyyətlə nəzarət etməmiş, nəticədə yeni inşa olunan kompleks «Luksorvil İnterneşnl» MMC-yə məxsus binaya demək olar ki bitişik vəziyyətdə tikilmiş, aralarında cəmi 40 sm ara məsafəsi vardır.

Kompleks şəhərsalma və tikinti qanunvericiliyinin tələbləri ilə müəyyən edilmiş məsafəni kobud pozmaqla inşa edildiyindən, «Luksorvil İnterneşnl» MMC-yə məxsus bina yaşayış üçün yararsız hala düşmüş,təmiri üçün külli miqdarda vəsait tələb olunur. Həmin MMC öz binasını  sata bilmir, çünki yanında bu cür inşanın aparılması binanın bazar dəyərinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olmuşdur. Həmçinin kompleksinin inşası zamanı «Luksorvil İnterneşnl» MMC-yə məxsus daşınmaz əmlakı təmin edən kommunal xəttləri kəsilmiş, tikinti işlərlə bağlı orada artıq beşinci ildir ki yaranmış səs-küy, toz, yerin silkələnməsi və ümumi təhlükəli vəziyyətinin nəticəsində daşınmaz əmlakın icarəyə, kirayə verilməsi və yaxud sadəcə yaşanması mümkün olmur və əksini yəqin etmək sadəlövlük olardı. 

Real vəziyyət isə belədir:  «Komfort Həyat» MTK indi faktiki olaraq «meydan oxuyur» və «Luksorvil İnterneşnl» MMC-yə öz şərtlərini «yedizdirməyə» çalışır ki, pulları yoxdur, nə vaxt olacaq, onda bu məsələyə baxılacaqdır.

«Komfort Həyat» MTK məsələnin həlli ilə bağlı edilən müraciətlərə müsbət reaksiya vermədiyi və saymazyana yanaşdığı üçün, «Luksorvil İnterneşnl» MMC müvafiq zərərin əvəzinin ödənilməsi tələbi ilə bağlı Nərimanov Rayon Məhkəməsinə «Komfort Həyat» MTK-nə və Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə müraciət etmişdir.

Maraqlıdır ki, Rayon İcra Hakimiyyətinə bir neçə dəfə məhkəmə bildirişləri göndərilsə də, nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmədə iştirak etmir.

Sual yaranır – əgər Nərimanov Rayon İcra Hakimiyyəti verdiyi sərəncamının qanuni şəkildə icrasına nəzarət edə bilmirsə, bunun üçün məsuliyyətdən yayınmaq üçün məhkəmə qarşısında dura bilmirsə, bunun məsuliyyətini kim daşımalıdır və hüquqları pozulmuş mülkiyyətçilər süründürməçilikdən necə yaxa qurtarmalıdırlar? Nərimanov Rayon İcra Hakimiyyəti öz sərəncamına elə özü hörmətlə yanaşmırsa, başqalarından necə tələb edə bilər?

Ona görə də «Luksorvil İnterneşnl» MMC redaksiyaya müraciət edərək, heç olmasa redaksiya vasitəsi ilə Nərimanov Rayon İcra Hakimiyyətdən ədalətli reaksiyaya nail olacağına ümid edir.