
Ardıcıl raket sınaqlarından sonra casus peykini (“Malligyong-1”) orbitə buraxaraq diqqət çəkən Şimali Koreyadan ABŞ və Cənubi Koreyaya təhdid mesajları gəlməyə davam edir.
Gununsesi.info-nun məlumatına görə, Şimali Koreyanın rəsmi xəbər agentliyi KCNA prezident Kim Çen Inın ABŞ bazalarının peyk fotoşəkillərini diqqətlə incələdiyini bildirib.
Kim Çen Inın paytaxt Pxenyanda Milli Kosmik Texnologiyalar İdarəsini ziyarət edərkən gülən fotolarını da paylaşan agentlik Şimali Koreya lideri Cənubi Koreyanın paytaxtı Seulun görüntülərini və ABŞ bazalarının bu ölkədə yerləşdiyi əraziləri “əsas düşmən hədəfləri” kimi qiymətləndirib.
Havaydakı ABŞ bazalarının görüntülərini də tələb edən Kim mərkəzə baş çəkib, peyk fotoşəkillərini bir-bir araşdırıb və hərbi rəsmilərlə görüşüb.
Dəfələrlə ABŞ-ı vuracağı ilə hədələyən və ölkəyə qarşı hər hansı müdaxilənin “qlobal nüvə müharibəsinə” səbəb olacağını bəyan edən Şimali Koreyanın casus peykini orbitə buraxması Sakit okeanda gərginliyi artırıb. ABŞ və Cənubi Koreya bu addımı qınasa da, Yaponiya təcili xəbərdarlıq edib.
Gununsesi.info