
İsveçin NATO-ya qəbulu ilə bağlı ratifikasiya protokolunun təsdiq edilməsi məsələsi Türkiyə Böyük Millət Məclisinin qış tətilindən qayıdan yanvar ayında keçiriləcək Baş Assambleyasının gündəliyinə daxil edilə bilər.
Gununsesi.info xəbər verir ki, bu barədə “TRT Haber” telekanalı məlumat yayıb.
Dekabrın 26-da Türkiyə Məclisinin Beynəlxalq Əlaqələr Komissiyası İsveçin alyansa qəbul olunması ilə bağlı müraciətini təsdiqləyib. İndi bütövlükdə parlament daxilində bu məsələ ilə bağlı səsvermə keçirilməlidir. Onun təsdiqi üçün 600 yerlik parlamentdə səs verən millət vəkillərinin sadə səs çoxluğu kifayətdir.
“TRT Haber” qeyd edir ki, İsveçin müraciətinin təsdiqlənməsi prosesi ləngiyə bilər, çünki Ankara hələ də Stokholmda terrorizmlə, xüsusən də PKK terror təşkilatı ilə mübarizə üçün görülən tədbirləri qeyri-kafi hesab edir.
Türkiyə Böyük Millət Məclisinin Beynəlxalq Əlaqələr Komissiyasının rəhbəri Fuat Oktay daha əvvəl jurnalistlərə açıqlamasında İsveçin müraciətinin Baş Assambleyada tezliklə ratifikasiya olunacağını gözləmədiyini bildirib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan öz növbəsində qeyd edib ki, o, İsveçin müraciətinin təsdiqlənməsi məsələsini ABŞ Konqresinin Ankaraya F-16 qırıcı təyyarələrinin satışı ilə bağlı qərarın qəbulu ilə əlaqələndirir. Türkiyə bir neçə il əvvəl ABŞ-dan mövcud təyyarələri üçün 40 ədəd F-16 “Block 70” qırıcısı və 80 ədəd “Block 70” təkmilləşdirmə dəsti tələb etmişdi. ABŞ dövlət katibi Antoni Blinkenin daha əvvəl dediyi kimi, Konqresin bəzi üzvləri bu cür tədarüklərin Ankaranın İsveçin NATO-ya qəbulu üçün atacağı addımlarla əlaqələndirilməsini tələb edirlər.
İsveçin alyansa qoşulması ilə bağlı protokollar hələ ki, təkcə Macarıstan və Türkiyə tərəfindən ratifikasiya olunmayıb. İsveçin NATO-ya müraciətini təsdiqləmək üçün Türkiyə ölkənin hakimiyyət orqanlarından terrorizmlə mübarizə haqqında yenilənmiş qanunu, xüsusən də PKK terror təşkilatına qarşı mübarizə məsələsində praktikada tətbiq etməyi tələb edir.
Gununsesi.info