
Mossad, Mərkəzi Kəşfiyyat İdarəsi (CIA), Qətər və Misir rəsmilərinin Qahirədə oturduğu atəşkəs masasında heç bir razılıq əldə olunmayıb. İsrail nümayəndə heyəti Misirin paytaxtını tərk edərkən, danışıqların daha 3 gün davam edəcəyi bildirilib.
Gununsesi.info xəbər verir ki, İsrail və ABŞ mətbuatında yer alan məlumatlara görə, İsrail heyəti Qəzzada atəşkəs üçün Qahirədə keçirilən danışıqları tərk edib.
İsrail kəşfiyyatının rəhbəri David Barnea dünən Misirin paytaxtında Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Burns ilə görüşüb Qəzzadakı qarşıdurmaların müvəqqəti dayandırılması üçün Qətərin vasitəçiliyi ilə hazırlanan planla bağlı danışıqlar aparıb.
Qətərin baş naziri və Misir rəsmilərinin iştirak etdiyi danışıqlar İsrailin cənubundakı Rəfah şəhərinə genişmiqyaslı qurudan hücuma başlamazdan əvvəl atəşkəs əldə etmək üçün gücləndirilmiş səylərin bir hissəsi olub.
Qəzzada bombardmanlardan xilas olan fələstinlilərin yarıdan çoxu Rəfaha sığınıb.
Xarici hökumətlər və Birləşmiş Millətlər Təşkilatı belə bir hücumun mümkün mülki itkiləri ilə bağlı artan narahatlığını ifadə etsə də, İsrail Rəfəh də daxil olmaqla, “HƏMAS-ı Qəzzanı bütünlüklə müvəffəqiyyətlə təmizləyənə qədər” hücumları davam etdirəcəyini açıqlayıb.
Nazirlər Kabineti dəftərxanasının rəsmisinin sözlərinə görə, İsrail nümayəndə heyəti dünən gecə Qahirədən qayıdıb.
“The Wall Street Journal” Misir rəsmilərinə istinadən yazıb ki, Barneanın nümayəndə heyəti “danışıqlardakı mühüm boşluqlardan heç birini bağlamadan” Misirin paytaxtını tərk edib.
Misir “Əl-Qahirə” dövlət televiziyası yüksək səviyyəli bir Misir rəsmisinə əsaslanaraq, bildirib ki, danışıqlar daha üç gün davam edəcək.
Telekanalın xəbərinə görə, həmin məmur görüşlərin daha çox “pozitiv” keçdiyini bildirib.
HƏMAS-dakı mənbə AFP-yə bildirib ki, qrupun siyasi bürosunun üzvü nümayəndə heyətinə başçılıq edəcək.
Gununsesi.info