
İraqın Mosul şəhərində şadlıq sarayında 115 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı dərc edilən araşdırma hesabatında yanğına səbəb zalda istifadə edilən atəşfəşanlığın olduğu bildirilib.
Gununsesi.info xəbər verir ki, İraqda ötən həftə çərşənbə axşamı 115 nəfərin ölümü ilə nəticələnən şadlıq sarayında baş verən yanğınla bağlı araşdırmanın hesabatı dərc edilib.
Araşdırma aparan komissiyanın açıqladığı hesabatda yanğına şadlıq sarayında istifadə edilən atəşfəşanlığın səbəb olduğu vurğulanıb. İstintaq Komissiyasının sədri general-mayor Saad Falih Kessar əd-Duleymi daxili işlər naziri Əbdüləmir əl-Şummari ilə birgə mətbuat konfransı keçirib.
Xristianların əksəriyyətinin yaşadığı Mosulun Həmdaniyyə rayonundakı şadlıq sarayının tutumunun 400 nəfər olduğunu bildirən əl-Duleymi sözügedən salonun dəmir konstruksiya üzərində qurulduğunu, divarlarının sement və bloklardan olduğunu damının da istiyə tab gətirə bilməyən sendviç panellərlə örtüldüyünü bildirib. Salonda bəzək kimi çoxlu parçadan istifadə edildiyini və masaların üzərində spirtli içkilərin olduğunu qeyd edən əl-Duleyimi zalda təcili yardım qapıları yerinə xidmət üçün istifadə edilən kiçik qapıların olduğunu da sözlərinə əlavə edib.
İstintaq Komissiyasının sədri əl-Duleymi istintaq çərçivəsində zalda 4 atəşfəşanlığın tətbiq edildiyini və qığılcımların 4 metrə qədər yüksəldiyini qeyd edərək deyib ki, hadisə şahidləri yanğının əsas səbəbinin atəşfəşanlığın qığılcımları olduğunu bildirib. Araşdırmaya görə, tavandakı parçaların alışması yanğına səbəb olub və fəlakətin səbəbkarı sözügedən şadlıq sarayının sahibidir.
İraqın daxili işlər naziri Əbdüləmir əl-Summari salonda kondisionerlərlə yanaşı, yanan materialların olması səbəbindən alovların yayıldığını ifadə edərək, qeyd edib ki, təcili çıxış qapılarının olmaması can itkisinin artmasına səbəb olub.
Zalın tutumunun 400 nəfər olduğunu bildirən nazir əl-Şummari bildirib ki, 400 nəfərlik salona 900 nəfər dəvət edilib.
Səid Əhmədli
Gununsesi.info